Voleybol Federasiyasında bayram, “Azəryol”dan yenilik
05.03.2015 - 16:21
Voleybol Federasiyasında bayram, “Azəryol”dan yenilik

Bu gün ölkəmizdə Bədən tərbiyəsi və İdman günüdü. Apasport.az saytının məlumatına görə, bu bayramın 10 illiyi ilə əlaqədar, tərkibində Azərbaycan Voleybol Federasiyasının (AVF) rəsmilərinin də olduğu idman ictimaiyyətinin nümayəndələri Fəxri Xiyabanda olaraq ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın xatirəsinə olan ehtiramlarını bildiriblər.

 

Ardınca tədbir iştirakçıları Şəhidlər Xiyabanına gedərək torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən oğullarının xatirəsini yad ediblər.

 

Sonra AVF-nin Regional İnkişaf Mərkəzinin idman zalında “5 mart bədən tərbiyəsi və idman günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbiri qurumun baş katibi Elşən İsmayılov açıq elan edərək, bayramın əhəmiyyətindən danışıb. Bütün idmançılarımıza yüksək idman nailiyyət arzu edən İsmayılov bildirib ki, qarşıda duran əsas məqsəd iyunda paytaxtımızda təşkil olunacaq I Avropa Oyunlarıdı: “Bu yarış idmançılar üçün bir bayram olmalıdı və bu bayramda hər bir iştirakçı medal əldə etmək üçün bütün gücünü səfərbər etməlidi”.

 

Daha sonra gənc gimnastların nümunəvi çıxışı olub və “Azərreyl”, “Azəryol” və “Lokomotiv” klublarının yeniyetmələri arasında estafetlər keçirilib. Tədbirə kişilərdən ibarət yığmamızın yoldaşlıq görüşü ilə yekun vurulub. İlk hissə azarkeşlərin daha çox marağına səbəb olub. Çünki həmin setdə idmansevərlər qaydasız voleybol seyr ediblər”.

 

Qeyd edək ki, tədbirin davamı olaraq, “Azəryol” klubu azarkeşlərlə görüş keçirəcək. Onlarla birgə çay masası ətrafına keçəcək ulduz oyunçular pərəstişkarlarını maraqlandıran sualları cavablandırıb, onlara imza paylayacaq. Həmçinin, voleybolsevərlərin çıxışını bəyəndiyi oyunçu ilə şəkil çəkdirmək imkanı da olacaq.