Ange Mutsinzi: "İstənilən oyunu qazana bilərik" - MÜSAHİBƏ
15.07.2024 - 16:59
Ange Mutsinzi: "İstənilən oyunu qazana bilərik" - MÜSAHİBƏ

“Zirə”nin yeni transferi Ange Mutsinzi Apasport.az saytına müsahibə verib.

- “Zirə”dəki debüt oyunun uğurlu alındı. "Şerif"lə görüşdə qələbə qazandınız. Həmin oyun sizin üçün necə alındı?

- Bəli, çox yaxşı oyun alındı. Biz bir neçə qol epizodu yaratdıq. Onlardan isə cəmi birini vura bildik. Səfərdə layiqli qələbə qazanmağı bacardıq. Çox yaxşı qələbə idi.

- Maraqlıdır, yəqin ki, "Şerif" haqda daha çox məlumatlı idin, nəinki "Zirə"? Bu görüşdə qələbə qazanmağınız özünüz üçün gözlənilməz deyildi ki?

- “Şerif”i əvvəlcədən də tanıyırdım, bu haqda məlumatlı idim. Çünki “Şerif” böyük klublara qarşı bir neçə dəfə oynayıb. Məsələn, “Real”a qarşı matç. Hətta onları səfərdə məğlub etmişdilər. Mənim üçün əvvəllər tanıdığım “Şerif” keçənilki kimi deyildi. Onlar yaxşı mövsüm keçirmədilər. Oyundan əvvəl şanslar yarıbayarı idi. Çünki bizim də çox yaxşı komandamız var. İstənilən oyunu qazana bilərik. Buna çox inanıram.

- Bu görüşdə meydana sonradan daxil oldun. Maraqlıdır ki, səndə həyəcan və gərginlik görünmürdü. Yoxsa, həyəcanlı idin? Səncə, bu komandanın oyun stilinə tez bir zamanda öyrəşəcəksən?

- Əlbəttə ki, həyəcanlı idim. Çünki bu, yeni klubumdakı rəsmi debütüm və Avropa Liqasında da ilk oyunum idi. Bəli, mənim üçün asan olacaq. Çünki əvvəllər bu üslubda oynayırdım. Komanda üçün ən yaxşısını edəcəm.

- "Zirə"yə transferin necə reallaşdı? 

- Bu, mənim üçün əla keçid idi. Çünki “Zirə” çox yaxşı və ambissiyaları olan klubdur. Şadam ki, bu komandada oynayacam.

- Maraqlıdır, indiyə qədər Azərbaycan klublarından təklif almışdı? Necə oldu ki, "Zirə"yə gəlməyə qərar verdin?
 
- Xeyr, təkcə “Zirə”dən təklif almışdım. “Zirə”yə gəlməyə qərar verdim, çünki Azərbaycan Premyer Liqasını izləyirdim. Komandam da yaxşı çıxış edirdi. Ona görə seçimimi “Zirə”dən yana etdim.

- “Zirə"yə transferin Ruanda millisindəki çıxışına necə təsir edəcək? Daim millidən sənə dəvət gələcək?

- Ümid edirəm ki, milli komandadan dəvət alacam. Çünki Azərbaycan Premyer Liqası yaxşı səviyyədədir. Amma milliyə dəvət edilmək üçün təbii ki, çox çalışmalıyam. Əlimdən gələni edəcəm ki, həm “Zirə”yə kömək olum, həm də Ruanda millisinə dəvət edilim.

- Azərbaycan futbolu haqda hansı məlumata sahib idin? Yəqin ki, ən azından "Qarabağ"ı tanıyırdın?

- “Zirə”ni də tanıyırdım, “Qarabağ”ı da. Çünki burada oynamış dostlarım var. Onları izləyirdim. Eyni zamanda da, çempionat haqda məlumatlanırdım. “Qarabağ”ı isə Avropa Liqasından yaxşı tanıyırdım. Demək olar ki, Azərbaycan çempionatı haqda yaxşı məlumatım var. 

- Səncə, komandanız "Şerif"i Bakıdakı matçda da məğlub edə biləcək? Bakıdakı matçda "Zirə"nin şanslarını necə dəyərləndirirsən?

- İkinci oyun üçün yaxşı hazırlaşmalıyıq. Biz də bunu edirik. Təbii ki, cavab görüşü asan keçməyəcək. Amma biz Bakıdakı oyunda qalib gəlib, mərhələ keçmək üçün maksimum gücümüzü qoyacağıq. 
 

writer photo
Adil Nəhmətli
0