Arda Güler Kimdir? Türk Futbolunun Gənc Ulduzu Haqqında Bütün Detallar
16.07.2024 - 10:55
Arda Güler Kimdir? Türk Futbolunun Gənc Ulduzu Haqqında Bütün Detallar

Türkiyə milli komandasında nümayiş etdirdiyi performansla diqqətləri üzərinə çəkən Arda Güler qısa zamanda futbol dünyasının məşhur simalarından birinə çevrildi. Karyerası ilə yanaşı, futbolçunun şəxsi həyatı da maraq dairəsindədir.

Arda Gülerin neçə yaşı var?

25 fevral 2005-ci ildə anadan olan Arda Gülerin hazırda 19 yaşı var. Arda Türkiyənin Ankara şəhərində dünyaya göz açıb. 

Arda Güler futbola necə başlayıb?

Arda futbol karyerasına 9 yaşında olarkən “Gençlerbirliği” komandasında başlayıb. Gənc istedad 14 yaşında “Fənərbaxça” akademiyasına qoşulub. 2019-cu ildə “Fənərbaxça”nın U-16 komandasında oynamağa başlayan futbolçu 2 il sonra U-19 komandasına cəlb edilib. Arda Güler İstanbul nəhənginin əsas komandasında 2021-ci ildən etibarən oynamağa başlayıb.

Arda Gülerin “Fənərbaxça” karyerası

Qısa müddətlik Super Liqa karyerasından sonra Avropaya yolu açılan Arda Gülerin əsas macərası hələ 13 yaşında ikən 20 fevral 2019-cu ildə “Fənərbaxça”ya transfer edilməsi ilə başladı. Möhtəşəm performansı sayəsində milli komandaya dəvət alan Arda ilk rəsmi müqaviləsindən 2.5 il sonra “Real Madrid”ə yollandı. 

2021-2022-ci illər mövsümündə Kadıköydəki “Antalyaspor”a qarşı keçirilən matç onun Super Liqada çıxdığı ilk oyun idi. 16 yaşlı Arda Güler 86-cı dəqiqədə meydana girərək bir məhsuldar ötürmə verməyi bacarmışdı.

Növbəti mövsüm Arda “Fənərbaxça” forması ilə ümumilikdə 25 oyuna çıxdı. Gənc futbolçu Türkiyə Super Liqasında ümumilikdə 32 oyuna çıxıb, 7 dəfə rəqib qapılarına yol tapıb. 

Arda Güler hansı komandada oynayır?

Gənc yaşına baxmayaraq, karyerasında vacib addımlar atan Arda Güler hazırda “Real Madrid”in uğurları üçün çalışır. 

Arda Gülerin “Real Madrid” statistikası

Gənc ulduz 2023-2024-cü illər mövsümündə “kral klubu”nun heyətində 10 oyuna çıxıb. Ümumilikdə 373 dəqiqə meydanda olan Arda 6 qola imza atıb. 

Arda Gülerin şəxsi həyatı

Ulduz futbolçunun karyerası ilə yanaşı, şəxsi həyatı da futbol ictimaiyyətinin diqqətində olan məqamlardandır. Güler sevgilisi Duru Naymanla birlikdə tez-tez gündəmə gəlir. 2005-ci il doğumlu Duru Nayman “Qalatasaray” qadın basketbol komandasında 23 nömrəli formanı geyinir. O, əvvəllər “Fənərbaxça”da da çıxış edib.

Arda Gülerin maaşı nə qədərdir?

Bonusları çıxmaqla Ardanın illik maaşı 8 milyon avrodur. 19 yaşlı futbolçu Türkiyədə illik sadəcə 350 min avro qazanırdı.


 

writer photo
Adil Nəhmətli
0