![Azərbaycan Avropa çempionatında yenə qızıl medalsız qaldı](https://ww3.apasport.az/storage/news/2023/march/25/big/641f4396cfb20641f4396cfb211679770518641f4396cfb1e641f4396cfb1f.jpg)
İspaniyanın Qvadalaxara şəhərində keçirilən karate üzrə Avropa çempionatında Azərbaycan millisi qızıl medalsız qalıb.
Apasport.az-ın xəbərinə görə, finalda yarışan İrina Zaretskaya (68 kq) və Fəridə Əliyeva (+68 kq) finalda uduzaraq gümüş medalla kifayətlənməli olub.
İdmançılarımız müvafiq olaraq Elena Kviritsi (İsveçrə) və Yohana Kneerə (Almaniya) uduzub. Hər 2 görüşdə hesab açılmasa da, hakimlər qələbəni rəqib idmançıya verib.
Digər qadın idmançımız Fidan Teymurova (50 kq) da uğursuz olub. O, bürünc medal görüşündə meydan sahibi idmançısı olan Nadya Qomesə 0:9 hesabı ilə uduzaraq mükafatsız qalıb.
Kişi kumiteçilərimizdən Tural Ağalarzadə (67 kq) və Fərid Ağayev (75 kq) isə bürünc medal qazanıb. Tural Luka Mareskaya (İtaliya) 2:1, Fərid Rodriqo İbanyesə (İspaniya) 8:3 qalib gəlib.
Beləliklə, Azərbaycan yarışı 2 gümüş və 2 bürünc medalla tamamlayıb. Bununla da Azərbaycan ardıcıl 2-ci ildir ki, Avropa çempionatında qızıl medal qazana bilmir.