![“Qarabağ” Avropada irəlilədi: “Fənərbaxça”nı geridə qoydu](https://ww3.apasport.az/storage/news/2023/september/01/big/64f1a07db6d6f64f1a07db6d70169355686164f1a07db6d6d64f1a07db6d6e.jpg)
Avrokubokların pley-off mərhələsindən sonra klubların UEFA reytinqi açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Azərbaycan klublarından yalnız biri “Top-100”də yer alıb.
Bu, son ölkə çempionu “Qarabağ”dır. Qurban Qurbanovun yetirmələri Avropa Liqasının pley-offunda Sloveniya təmsilçisi “Olimpiya”nı mübarizədən kənarlaşdırıb – 2:0, 1:1.
Bununla da turnirin qrupuna düşən “Qarabağ” xallarının sayını 25,000-a çatdırıb. Ağdamlılar 1 pillə irəliləyişə nail olub.
Siyahıda 61-ci olan “Qarabağ” bu mövqeni “Slovan”la (Slovakiya) bölüşür. Təmsilçimiz bunadək şərik olduğu üç komandanı - “Molde”, “Fənərbaxça” və PAOK-u geridə qoymaqla irəliləyib.
Digər komandalarımız isə aşağı sıralarda yer alıb. “Neftçi” 10,000 xalla 135-ci, “Qəbələ” 4,500 xalla 271-ci yerdə qərarlaşıb. 3,375 xalı olan digər klublarımız 334-cü yeri bölüşür. Bu komandalar “Sabah”, “Zirə”, “Şamaxı”, “Sumqayıt” və “Səbail”dir.
Qeyd edək ki, siyahıya 124,000 xala malik “Mançester Siti” başçılıq edir.