“Benfika”nın futbolçusu UEFA tərəfindən 6 oyunluq CƏZALANDIRILIB
24.04.2026 - 19:32
“Benfika”nın futbolçusu UEFA tərəfindən 6 oyunluq CƏZALANDIRILIB

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) Nəzarət və İntizam Orqanı (CEDB) “Benfika”nın yarımmüdafiəçisi Canluka Prestiannini Çempionlar Liqasında “Real Madrid”ə qarşı görüşdə irqçi xarakterli davranışa görə 6 UEFA oyunundan kənarlaşdırıb.

Apasport.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Fevralın 17-də “Real Madrid” Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Benfika”nı 1:0 hesabı ilə məğlub edərək 1/8 finala vəsiqə qazanıb. Oyun zamanı Madrid klubunun hücumçusu Vinisius Junior hakimə Prestianninin onu "meymun" adlandırdığını bildirib. Argentinalı futbolçu isə irqçi ifadə işlətmədiyini desə də, homofob sözlər dediyini etiraf edib.

CEDB-nin araşdırması müddətində Prestianni bir oyunu artıq buraxıb. Qərara əsasən, onun cəzasının 2 oyunu dərhal qüvvəyə minir, qalan 4 oyunluq diskvalifikasiya isə qərarın verildiyi tarixdən etibarən 2 illik sınaq müddəti ilə şərti xarakter daşıyır.

UEFA bəyanatında bildirilib ki, qurum FIFA-dan Prestianninin cəzasının bütün yarışlara şamil olunmasını istəyib.

20 yaşlı yarımmüdafiəçi bu mövsüm “Benfika”nın heyətində bütün turnirlərdə 37 oyuna çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə edib. O, ötən ilin noyabrında Argentina millisində debüt edib.