“Qəbələ”nin sabiq futbolçusu, hazırda İraqın “Əl-Quva” klubunda oynayan Ahmed Ayzaya apasport.az saytına müsahibə verib.
- “Qəbələ”dən ayrıldın və İraqaın “Əl-Quva” klubuna keçdin. Azərbaycandan niyə ayrıldın və İraqa gedişin necə baş tutdu?
- Bəli artıq İraq klubuna keçmişəm. “Əl-Quva” klubu İraqanın ən böyük klubudur. Bu klubdan mənə təklif gəldi. Düzünü desəm, bu cür klubun təklifindən imtina edə bilməzdim. Elə ona görə də, razılaşdım və müqavilə imzaladıq.
- Maraqlıdır, “Qəbələ”dən ayrıldıqdan və “Əl-Quva” ilə müqavilə imzalamamışdan əvvəl Azərbaycan klubundan təklif almışdın?
- Bəli, təklifim var idi. “Kəpəz”dən təklif almışdım. Amma Azərbaycanda qalmadım. Çünki mənə daha yaxşı təklif gəlmişdi və İraqa gələsi oldum.
- Ötən mövsüm “Qəbələ” Azərbaycan Premyer Liqasını sonuncu pillədə başa vurdu və Birinci Liqaya yollandı. Səncə, nəyə görə belə oldu?
- “Qəbələ” kimi böyük klubun Premyer Liqada sonuncu pilləni tutaraq, Birinci Liqaya yollanması mənim üçün də xoş deyil. Həm də, bu komandada oynayırdım. “Qəbələ” kimi böyük klub buna layiq deyildi. Digər tərəfdən ona görə şad deyiləm ki, mən üç dəfə zədələndim və komandaya tam kömək ola bilmədim.
- “Qəbələ”yə Birinci Liqada kömək olmaq istəyərdin ki, komanda yenidən yüksək liqaya qayıtsın? Baş məşqçi səni istəmişdi?
- Bəli, bəli, bilirəm ki, klub məni istəyirdim. Orada qalaraq, komandaya kömək olmağımı istəyirdilər. Lakin mən qısa zamanda artıq İraq klubu ilə anlaşmışdım. Ona görə də belə alındı.
- Azərbaycanda üç klubda – “Zirə”, “Kəpəz” və “Qəbələ”də oynamısan. Səncə, hansı klubda daha yaxşı oynamışdınız?
- Bütün klublarda ən yaxşı şəkildə oynamağa çalışmışam. Komandalarıma kömək etməyə çalışırdım. Sırf sizin sualınıza gəlincə, məncə cavab “Kəpəz”dir.
- “Zirə”yə qayıtmaq istəyirdin? Bu komandadan ayrılmağına nə səbəb olmuşdu?
- Bəli, bu komandada da yaxşı oynamışdım. Hər halda, belə alınmışdı. İndi İraqdayam və “Al-Quva”dakı çıxışıma fokuslanmışam. Premyer Liqanı qazanmaq istəyirəm. Azərbaycana qayıtmaq? Bəli, gələcəkdə yenidən Azərbaycana qayıda bilərəm. Zaman hər şeyi göstərəcək.