Akademik avarçəkmə üzrə Azərbaycan yığma komandasının üzvü Diana Dımçenko daha bir beynəlxalq reqatada qızıl medal qazanıb.
Apasport.az saytının məlumatına görə, idmançımız bu uğura 31 mart – 2 aprel tarixlərində İtaliyada təşkil edilən “Paolo d’Aloja” memorialında imza atıb.
İtaliya Avarçəkmə Federasiyasının keçmiş prezidentinin xatirəsinə həsr edilən və sayca 37-ci dəfə keçirilən beynəlxalq reqatada Diana bir nəfərlik qayıqla 2000 m məsafəyə təsnifat mərhələsində 3-cü olub və finala vəsiqə qazanıb. Olduqca gərgin keçən final yürüşündə isə idmançımız ən yaxın izləyicisi serbiyalı Yovana Arsiki 1,05 saniyə geridə qoymaqla qızıl medala layiq görülüb.
Finişə 3-cü çatan Özbəkistan təmsilçisi, Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Anna Prakateni isə gümüş medaldan cəmi 1,3 saniyə ayırıb.