Azərbaycanlı Zidan növbəti mərhələdə
22.07.2023 - 11:11
Azərbaycanlı Zidan növbəti mərhələdə

Rumıniyanın Ployeşti şəhərində yeniyetmə oğlan və qız boksçular arasında Avropa birinciliyi start götürüb. 

Federasiyadan apasport.az saytına verilən məlumata görə, 32 ölkədən 378 (260 oğlan, 118 qız) idmançının qatıldığı yarışın ilk günündə Azərbaycan millisinin 4 üzvü rinqdən qalib ayrılıb. 

48 kq çəkidə Zidan Hümbətov Nikolos Şarabidze (Gürcüstan) ilə üz-üzə gəlib və rəqibini 5:0 (30:27, 30:26, 30:26, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, 1/8 finalda yunanıstanlı Angelos Karaitislə münasibətinə aydınlıq gətirəcək. Döyüş iyulun 25-də olacaq. 

Sübhan Babayevin (50 kq) də Avropa birinciliyində debütü uğurlu alınıb. O, Ahmet Yılmaz (Türkiyə) üzərində 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. Boksçumuz iyulun 22-də 1/8 finalda Maksim Çekini (Ukrayna) sınağa çəkəcək. 

Orucəli Cavadzadə (57 kq) Ognjen Antiçi (Serbiya) mübarizədən kənarlaşdırıb. Rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edən idmançı 1/8 finalda Adam Maka (İngiltərə) ilə görüşəcək. Döyüş iyulun 24-də olacaq. 

Cəmilə Sultanlı (48 kq) da ilk duelindən qalib ayrılıb. O, Melissa Talpasdan (Macarıstan) üstün olub - 5:0 (30:27, 29:28, 30:27, 29:28, 29:28). Təmsilçimiz 1/4 finalda ukraynalı Yuliana Ovsepyanla qarşılaşacaq. Görüş iyulun 25-də baş tutacaq. 

Onlardan fərqli, Bilalhəbəşi Nəzərov (46 kq), Eldar Abdullazadə (52 kq) və Əli Məmişov (70 kq) yarışla vidalaşıb. 

Qeyd edək ki, Avropa birinciliyində final qarşılaşmaları iyulun 30-da olacaq.
 

writer photo
Əlirza Əlirzalı
0