"Neftçi"nin veteran qolkiperi Hüseyn Məhəmmədov apasport.az saytına müsahibə verib.
- İvan Brkiç "Neftçi"dən ayrılaraq "Motor Lubin" klubuna keçdi. Onun "Neftçi"dən ayrılması komandaya necə təsir edəcək?
-Yəqin onun özü də hiss edirdi ki, legioner kimi oynamaq ehtimalı çox az olacaq. Çünki legioner futbolçuların meydanda çox olması hər bir məşqçi üçün vacibdir. Məşqçilər daha çox üstünlüyü meydan oyunçusu olan legionerlərə verirlər. Bu da yerli futbolçuların qıtlığından irəli gəlir. Komandaya xeyir verəcək yerli futbolçuların az olması da burada öz təsirini göstərir. Fikrimcə, İvan Brkiçin ayrılığı "Neftçi"yə təsir göstərməyəcək. Çünki Rza Cəfərov var, Emil Balayev də artıq geri dönüb. Çox güman ki, Brkiçin gedişi hiss edilməyəcək.
- Hazırda "Neftçi"də qapıda dayanacaq iki qapıçı var: Rza Cəfərov və Emil Balayev. Səncə, bu iki qolkiper "Neftçi" üçün yetərlidir?
- Hər ikisi yerli qapıçılardır. "Neftçi" üçün vacib qolkiperlərdir. Rəqabət daha yüksək olsa.. Məncə, legioner oyunçulara daha çox meydan oyunçularına veriləcək deyə, inanmıram ki, əlavə qapıçı götürsünlər. Ancaq çempionatın gedişatında yaxşı və ya pis tərəfdən özünü göstərə bilər. İki yerli qolkiper var. Uzun illərdir ki, "Neftçi"də oynamış, yetişmiş qapıçılardır. Yəqin ki, onlara üstünlük veriləcək. Hər halda, onlar da özlərini doğruldacaqlar ki, legioner və ya başqa qapıçıya ehtiyac qalmasın.
- "Neftçi"yə legioner və ya yerli qapıçı lazım deyil?
- Məncə, legioner qapıçının olması o dərəcədə də vacib deyil. İki qapıçı var, ikisi də yerlidir. Bu da vacibdir. Çünki yerli qolkiper olsa, meydan oyunçuları legioner ola bilər. Hər halda, özləri də başa düşür. Yanaşma bu cürdür. Məncə, legionerin cəlb edilməsinə ehtiyac da yoxdur.
- Səlahət Ağayevin komandaya keçəcəyi gözlənilirdi. Lakin iddiaya görə, o, "Sabah"da oynayarkən "Neftçi" ilə görüşdə "Neftçi"nin azarkeşlərinə qarşı nalayiq hərəkət edib. Deyilənə görə, "Neftçi"yə keçidinə məhz bu səbəb mane olub. Bu məsələ haqda fikrin necədir?
- Yəqin ki, Səlahət Ağayev özü də istəməzdi ki, əl işarəsi göstərsin. Futbolçular emosional, əsəbi olur. Oyunun gedişatında, atmosferində yaranan bir şeydir. Buna baxmayaraq, əsəblərini qorumalı idi. Bu, gələcəkdə hər bir futbolçu üçün belədir. İstər Səlahət və ya başqası, hamı üçün belədir. Hər zaman bu komandaya dönmək olar. Ona görə də çalışmaq idi ki, bu jestlərdən istifadə etməsin. Hamısı nədən irəli gəlir? Meydanda olan gərginlik, prinsipiallıqdan. Bizim dönəmdə də belə olub. Biz həmişə çalışmışıq ki, həm öz, həm də rəqibin azarkeşləri ilə subordinasiyanı gözləyək. Çünki o ailənin üzvündən bu ailənin üzvünə çevrilə bilərsən. Ona görə də, münasibəti lazımi səviyyədə saxlamaq lazımdır. Bəlkə də Səlahət özü də istəməzdi ki, belə olsun. Yəqin bu hərəkətdən sonra onu bağışlamaq da azarkeşlər üçün də asan deyil. Hər bir futbolçu özünü həmişə təmkinli aparmalı, özünə simpatiya qazanmalıdır, nəinki əksinə.