Qismət Alıyev od püskürdü: "Hakim səhvlərinin qurbanı oluruq" - Müsahibə
29.01.2024 - 14:31
Qismət Alıyev od püskürdü: "Hakim səhvlərinin qurbanı oluruq" - Müsahibə

Misli Premyer Liqasının 20-ci turunun mərkəzi qarşılaşması olan "Zirə" - "Sabah" oyunu gərginliyi ilə diqqət çəkdi. Ağır keçən görüşdə "qartallar" oyuna əlavə olunan son dəqiqələrdə qapılarına təyin olunan penaltidən qol buraxaraq məğlub olub. 

Apasport.az xəbər verir ki, qəsəbə təmsilçisi məğlubiyyətdə hakim səhvini ön plana çıxardıb. Komandanın kapitanı Qismət Alıyevlə matçla bağlı söhbətimiz alındı. 

- Oyunla bağlı fikirlərin maraqlıdır...
- Gərgin matç olacağını əvvəlcədən bilirdik. Amma 90 dəqiqə ərzində rəqibdən üstün futbol oynadıq. Meydanda dominantlıq edən tərəf biz idik. Çoxsaylı qol imkanlarımız oldu. Əlimizə düşən fürsətləri dəyərləndirsəydik, fərqli nəticə alacaqdıq. Bu məğlubiyyətə layiq deyildik. 

- Oyun planında "Sabah"ı üstələdiniz, amma məğlub oldunuz. Hakimliklə bağlı nə deyərdin? 
- Mən hakimlik haqqında heç vaxt danışmamışam, onları tənqid etməmişəm. Amma bizi hakimlər uduzdurdu. Absurd ofsayd qeydə alındı. 90+4-cü dəqiqədə künc zərbəsindən cərimə meydançasına asma edirəm. Topun aşkar şəkildə rəqib oyunçuya dəyib meydanı tərk etməsinə rəğmən, hakim qapıdan zərbə qərarı verir. Bununla bərabər, oyuna əlavə olunan 4 dəqiqə başa çatmasına rəğmən hələ də görüşü davam etdirir. Bu azmış kimi əks-hücum sonrası qapımıza 11 metrlik cərimə zərbəsi təyin edir. Qısası referilər absurd qərarlar verib, "Sabah"ın qələbəsi üçün əllərindən gələni etdilər. 

- Səncə, hakimlərin "Zirə"yə qarşı qərəzi var? 
- Bu barədə nəsə deyə bilmərəm. Amma görünən odur ki, haqqımıza girirlər. Çempionatın 2-ci yarısı başlayandan, hakim səhvlərinin qurbanı oluruq. Ötən turda lehimizə haqlı penaltini vermədilər, bu gün də uduzmağımız üçün qərarlar verdilər. Hər halda, bütün azarkeşlərin, jurnalistlərin gözü qabağında oldu. Təkrara da baxıb görürük ki, aşkar şəkildə səhv qərarlar verilib. 

- Ümumi götürəndə, komandanızda abu-hava necədir? 
- Kollektiv arasında abu-havamız yaxşıdır. Məşqlərdə hamı səylə çalışır. Oyunlara qələbə üçün çıxırıq. Sadəcə bu cür hakim səhvlərinə məruz qalanda, pis oluruq. 

-  Son 2 oyunu nəzərə almasaq, qış fasiləsinə kimi yaxşı çıxış edərək, 2-ci pillədə qərarlaşdınız, kuboka da pis başlamadınız. Qarşıdakı oyunlar haqqında nə düşünürsən? 
- Qeyd etdiyim kimi, biz hər oyuna qələbə üçün çıxırıq. Ən pis halda, məğlub olmamağa çalışırıq. İrəlidə bizi kubok oyunları gözləyir. Orada da uğurlu çıxış etmək istəyirik. Məqsədimiz avrokuboklara getməkdirsə, hər iki cəbhədə maksimum yaxşı çıxış etməliyik. Bir daha vurğulayım ki, bizim sadəcə bir istəyimiz var - meydanda ədalətli hakim idarəçiliyi. 
 

Abdulla İsmayıloğlu

writer photo
Əlirza Əlirzalı
0