Rail Məlikov: “Qələbə qazanılsa Byazinin işinin düzgün olduğu önə çıxacaq” - MÜSAHİBƏ
24.03.2023 - 17:04
Rail Məlikov: “Qələbə qazanılsa Byazinin işinin düzgün olduğu önə çıxacaq” - MÜSAHİBƏ

Azərbaycan milli komandasının sabiq futbolçusu Rail Məlikovun apasport.az saytına müsahibəsi 

- Azərbaycan millisi bu gün AVRO-2024-ün seçmə mərhələsinin ilk matçında Avstriya önünə çıxacaq. Bu oyunda millimizdən gözləntiniz nədir? 
- Beş oyunluq məğlubiyyətsizlik seriyamız var. Ümid edirəm ki, altıncı oyun Vyanada davam edər, seriyamız qırılmaz. Gözləntim əzmkar və yaxşı oyundur. Təki, hamımızı sevindirsinlər. 

- Ümumiyyətlə, Azərbaycan millisinin Avstriyadan xal alacağına inanırsınız? Sizcə, yığma buna nəyin hesabına edə bilər? 
- Bu oyunda açıq-aşkar favorit Avstriya millisidir. Səviyyələrinə görə üstündürlər. Əlbəttə ki, hamımız istəyərik bu oyundan xal götürək. Ancaq çətin olacaq. Əzmkar oyunun hesabına bu matçda nəsə əldə edə bilərik.
 
- Canni de Byazi artıq az müddət deyil ki, millimizə rəhbərlik edir. Onun özü üçün də yığmada özünü sübut zamanı gəlməyib?
- Bəli, uzun müddətdir ki, Azərbaycan millisini çalışdırır. Eniş də oldu, hamı tənqid edirdi ki, bir uğura imza atmır, nəticə əldə etmir. Amma şans verildi, gördük ki, komandada nəticə var. Millidə hər məşqçiyə şans verilməlidir. Çünki strategiya qurulur, komandanı yığıb-toparlamağa vaxt lazım gəlir. Beş matçdakı nəticələr və oyun hər şeyə sübutdur. Özünü sübut edib-etməmək məsələsinə gəlincə, bunu Avstriya matçı ilə müqayisə etmək düzgün deyil. Çünki de Byazi onsuz da beş oyundur ki, özünü sübut edir. Avstriya matçında qələbə qazansa, işinin düzgün olduğu daha da önə çıxacaq. Beş oyundur ki, Canni ce Byazi özünü sübut edir. 

- Milli komandamızın Avstriya ilə görüşdə qələbə qazanmaq şansını neçə faiz olduğunu düşünürsən?
- Futboldur da, hər şey ola bilər. Favorit Avstriya millisidir. Hər bir azərbaycanlı kimi, mən də istəyərəm ki, millimiz qələbə və ya xal qazansın. Ancaq şanslar barədə bir söz deyə bilmərəm. Sadəcə açıq-aşkar favorit rəqibdir. 

- Son beş oyunda qalib gəlsək də, Avstriya ilə matçda  qazanılacaq üç xal Avropaya “biz varıq” deməkdir. Yəni əsl gücümüz burada bilinəcək? 
- Əlbəttə, beş oyun millimiz üçün stimuldur, əla nəticədir. Millimizin beş görüşdə qələbə seriyası çox önəmlidir. Rəqiblər də bizimlə ayaqlaşır. Hər halda, oyunlarımıza baxırlar, görürlər beş oyundur uduzmuruq, komandanı daha ciddi qəbul edərlər. Bu gün qələbə qazansaq... Rəqibimizin daha səviyyəli olduğunu nəzərə alsaq, millimizin səviyyəcə üstün olması da önə çıxacaq. 

- Millimizin Hansı heyətlə oyuna çıxması yaxşı olardı? İlk “11-lik”də kimi görürsüz? 
- Burada kimisə bir-bir deməyim doğru olmaz. Canni De Byazi əsas heyətdə kimin yer alacağını daha yaxşı bilər. Məncə, son oyunlarda hansı heyət olubsa, onu dəyişmək doğru deyil. Nəticəni həmin heyətlə qazanıbsa, ona yenə üstünlük vermək doğrudur. 

- “Qarabağ”ın heyətində Musa Qurbanlı Ramil Şeydayevlə birlikdə Premyer Liqada çox qol vurub. Bu, işbirliyi milli üçün də faydalı ola bilər?
- Çempionat görüşləri ilə millidəki matçları bir etmək olmaz. Əlbəttə istəyərəm ki, Ramil və Musa millidə də qol vursunlar. Ancaq bizim Premyer Liqa ilə AVRO-2024-ün seçmə oyunlarını eyniləşdirmək olmaz. Çətin olacaq. İstəyərdim ki, qol vursunlar, özlərini sübut etsinlər. Şans tapsalar, mütləq istifadə edəcəklər. 

- Marko Arnautoviç və David Alabanın bu gün böyük ehtimalla meydana çıxmaması xeyrimizədir?
- Hər ikisi Avstriya millisi üçün önəmli simadır. Ancaq onlar oldu- olmadı milli həmişəki kimi güclüdür. Arnautoviç və Alabanın olmamasını biz onlar üçün itki saya bilərik. Amma buna önəm verməmək lazımdır. Çünki milli komandada əvəzolunmaz oyunçu yoxdur.

writer photo
Əlirza Əlirzalı
0