Ağasəlim Mircavadov: “Həyəcan keçirirəm, hirslənirəm ki...” - MÜSAHİBƏ
12.05.2022 - 09:42
Ağasəlim Mircavadov: “Həyəcan keçirirəm, hirslənirəm ki...” - MÜSAHİBƏ

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqaməti üzrə

AFFA Məşqçilər Komitəsinin üzvü, futbol veteranı Ağasəlim Mircavadovun apasport.az saytına müsahibəsi

- “Qarabağ” bu mövsüm qızıl medalı sona 3 tur qalmış təmin etdi. Sizə elə gəlmir ki, Ağdam klubu ən rahat çempionluğunu bu il qazandı?
- “Qarabağ”ın böyük fərqlə çempion olacağını hələ qışda demişdim. Mətbuat, azarkeşlər çempionluğun rahat qazanıldığını düşünə bilər. Amma bunu əldə etmək əziyyət tələb edir. Mən də çalışmışam, titul qazanmağın çətinliyini dərk edirəm. “Qarabağ”ın oyunlarına baxıram, futbolçular hər dəfə sanki son matça çıxırmış kimi istəkli mübarizə aparırlar. Çempionluq ağır əməyin bəhrəsidir.

- Ancaq “Qarabağ”ın bu mövsüm cəmi 1 məğlubiyyəti var və 9 oyunda böyükhesablı qələbə qazanıb. Çempionun mövsümün əvvəlindən bilindiyi çempionatda Qurban Qurbanov komandasını necə inkişaf etdirə bilər?
- Hər bir klubun öz strategiyası var. “Qarabağ” bu mövsüm avrokuboklarda da uğurlu çıxış etdi, Konfrans Liqasında qrupdan çıxdı. Bu, komandanın gücünü göstərir. Ancaq digər komandalarımız “Qarabağ” gücündə deyillər, hətta ona yaxınlaşa da bilmirlər. Bilirsiz, klub rəhbərlərinin komandanın qarşısına qoyduğu yeganə hədəf avrokuboklara vəsiqə olur. Bu, mənim vaxtımda da belə idi. Əslində belə olmamalıdır. Avrokuboklarda 2-4 oyundan sonra kənarlaşdın, bəs sonrakı 10 ay necə olacaq? Klublarda 3-4 illik plan qurulmalı, mərhələ-mərhələ hansı ildə nə edəcəyi ilə bağlı hədəf müəyyənləşməlidir. Əksəriyyətin bütün diqqəti yalnız birinci komandada olur. Ancaq ilk növbədə infrastruktur qurulmalı, yaxşı meydança salınmalı, şərait yaradılmalıdır. Əvəzedici heyətə diqqət çox aşağıdır, gənclər məşqləri də süni örtükdə edirlər. Halbuki hazırda ölkəmizdə olan süni örtüklü stadionların çoxunun vəziyyəti yaxşı deyil. Bu da cavan oyunçulara əziyyətdir. Məşqçilər işlərinin bəhrəsini görə bilmirlər. Bununla bağlı çox iş görmək lazımdır.

- “Qarabağ” 9 çempionluğun 8-ni Qurban Qurbanovla qazanıb. Siyahıda ikinci yerdə isə 5 çempionluqla siz qərarlaşırsız. Uzun müddət işsiz qalmağınız bu mənada sizi təəssüfləndirmir?
- Çox təəssüfləndirir. Elə indi də həyəcan keçirirəm, hirslənirəm ki, bu illər ərzində niyə işləmədim? Mən çalışmağa həmişə hazır olmuşam. Amma kənarda qalmağımın səbəblərini də açıqlamağa ehtiyac yoxdur. Ən yaxşı vaxtımda kənarda qaldım. Məşqçilər adətən 50-55 yaşdan sonra daha yaxşılaşırlar, fikirlərini konkretləşdirir, taktikalarını genişləndirirlər. Çünki təcrübələri artır. “Real”ın baş məşqçisi Karlo Ançelottini misal göstərə bilərəm. Ançelotti mövsümün sonunda məşqçilik karyerasını bitirməyi planlaşdırırdı. Amma “Mançester Siti”ni məğlub edəndən sonra müsahibəsində dedi ki, 80 yaşa qədər “Real”da çalışmaq istəyirəm. Bir oyunun nəticəsi illərə bərabərdir. Təəssüf ki, bizdə 55-60 yaş olanda deyirlər ki, sən məşqçiliklə qurtardın. Bəs cavan məşqçilər kimdən öyrənməlidirlər?

- Maraqlıdır, baş məşqçi fəaliyyətinizi davam etdirsəydiniz, çempionluq sayınız indi neçə olardı?
- İşləyəndə heç vaxt çempionluq barədə düşünməmişəm. Mənim əsas məqsədim hər zaman güclü komanda formalaşdırmaq olub. Bunu bacarsan, çempionluqlar özü gələcək. O vaxtkı infrastrukturla indiki arasında yerlə göy qədər fərq var. Maliyyədə də, məşq prosesində də, bir sözlə, hər şeydə fərq var. Əslində komandalarda məşqlər, demək olar ki, eynidir. Sadəcə, bunları mərhələli şəkildə düzgün ardıcıllıqla etmək vacibdir.

- “Qarabağ” və “Neftçi” avrokuboka vəsiqəni rəsmiləşdirib, digər iki yerə isə 3 namizəd var. Hansı komanda Avropa arenasına hazırdır?
- Bəli, “Qarabağ” və “Neftçi” üçün mövsüm bitib. Əsas məsələ avrokuboka hazır yollanmaqdır, daha yarışa az vaxt qalmış oyunçu axtarışında olmasınlar. UEFA-dan maliyyə qazanmaq üçün heç olmasa 2-3 mərhələ keçmək lazımdır. Avropaya yollanacaq klublarımızın hamısının güclənməyə ehtiyacı var. Məsələn, “Qarabağ” çempion olsa da, onlara da qol vuran hücumçu lazımdır. Bu komanda ildən-ilə inkişafını davam etdirmək üçün heyətini daim gücləndirməlidir. “Qarabağ” işini bilən klubdur, onlara əlavə nəsə demək də yersizdir. “Qarabağ” üçün asandır, onlar indi də avrokuboklara yollansa oynayacaq. Digər klublar isə bunun hazırlığını qışdan görməli idilər. Onların heyəti formalaşdırmaq, istədikləri oyun sistemini qurmaq üçün transferlərə ehtiyacları var. Bu isə 1-2 ayın işi deyil. Sistemin qurulması, ona uyğun oyunçuların tapılması zaman tələb edir.

- Bizdə baş məşqçilər hər dəfə təqvim sıxlığından şikayətlənirlər. Xaricilərin mövsümdə 60-70 oyun keçirdiklərini nəzərə alsaq, bizimkilərin bu şikayəti nə dərəcədə doğrudur?
- Hər məşqçinin öz fikri var. Amma AFFA Məşqçilər Komitəsi oyun sayı ilə bağlı AFFA rəhbərliyinə öz fikrini bildirib. Biz ayrıca turnirlərin təşkilinin tərəfdarıyıq. Futbolçular mövsüm ərzində heç olmasa 55-58 oyun keçirsinlər ki, inkişaf edə bilsinlər. Avropada uğurlu çıxış etmək, onlarla mübarizə aparmaq üçün həftədə iki oyun keçirməyə hazır olmalısan. SSRİ dönəmində turnirlər təşkil edirdilər ki, futbolçular 50-dən çox matç keçirsinlər.

- “Turan Tovuz” və “Kəpəz”in növbəti mövsüm Premyer Liqaya gələcəyi təsdiqləndi. Komanda sayının artması çempionatda rəqabəti artıra biləcək, yoxsa bu, yalnız bölgələrdə futbolun dirçəlməsinə xidmət edəcək?
- Məncə, rəqabət artacaq. Gəncə və Tovuzda həmişə futbol olub, güclü futbolçular yetişib. “Kəpəz”lə “Turan Tovuz”un Premyer Liqada iştirakı həmin bölgələrdə futbolun dirçəlməsinə kömək edəcək. Çempionatda mütləq dəyişiklik olacaq, gərginlik artacaq. Üstəlik, oyun sayı da artacaq, 28-dən 36-ya yüksələcək. Bunun da əlavə xeyri olacaq.

Ruslan Sadıqov

MEDİA-nın maliyyə yardımı ilə dərc olunurMEDİA-nın maliyyə yardımı ilə dərc olunur

writer photo
Əlirza Əlirzalı
0