PSJ-nin prezidenti Nasser əl-Xelaifi İsveçrə məhkəməsi tərəfindən növbəti dəfə bəraət alıb.
Apasport.az saytının məlumatına görə, qətərli iş adamı korrupsiyada ittiham olunurdu.
Əl-Xelaifi həmçinin FIFA-nın sabiq baş katibi Jerom Valkeyə Sardiniyadakı bir evdən pulsuz istifadə etmək icazəsi verdiyi üçün qanunsuzluqda günahlandırılırdı. Həmin mənzil 2013-cü ildə Qətər şirkəti tərəfindən alınıb. PSJ-nin prezidentinin vəkili Mark Bonnan məsələ ilə bağlı bunu deyib: “Son illər ərzində edilən böhtan xarakterli ittihamların əsassız olduğu ikinci dəfə ortaya çıxdı”.
Qeyd edək ki, Jerom Valke əl-Xelaifi ilə əlaqəsi olmayan ayrı-ayrı ittihamlarla məhkum edilib. İsveçrənin federal cinayət məhkəməsi fransız funksioneri sənədləri dəfələrlə saxtalaşdırmaqda və passiv korrupsiyada təqsirli bilib. O, FIFA-nın baş katibi vəzifəsindən 2015-ci ildə istefa verib.