“Neftçi” bu mövsüm əsas komanda üzrə 152 min, ümumilikdə isə 200 min manata yaxın cərimələnib.
Yenə günlərdən bir çərşənbə axşamı. Bəllidir ki, “Neftçi” cərimələnib. Artıq qəribə bir şey yoxdur, AFFA-nın “ağ-qaraları” cərimələməsi bir növ adət halı alıb. “Neftçi”dən kimsə səsini çıxarsa, anında cəza kəsilir.
Federasiya ölkə futbolunun qocamanını haqlı-haqsız hər fürsətdə susdurmağa çalışır. Nə məşqçilərə, nə futbolçulara, nə də azarkeşlərə danışmağa fürsət verilir.
Hansısa qərara etiraz var? Cərimə! Sənə qarşı haqsızlıq olunub? Cərimə! Səsini çıxartdın? Cərimə!
Komandaya 7-11-ci turlar aralığında ardıcıl cərimələr tətbiq olunub. Yaxşı, elə götürək son oyunu. Hakimlər Komitəsinin sədri etiraf edir ki, “Neftçi”nin haqqı yeyilib, “Zirə”nin qolunda oyundankənar vəziyyət var. Amma “ağ-qaralar”dan kim qərara etiraz etmişdisə, hamısı cəzalı qaldı. Son dönəmlərin ən formada olan futbolçularından Breno Almeyda isə qırmızı vərəqə ilə cəzalandırıldı. Braziliyalı vinger “Qarabağ”la matçı da buraxacaq.
“Neftçi”nin nəzir qutusu: AFFA
Mövsümün geridə qalan hissəsində “ağ-qaralar” AFFA tərəfindən 152500 manat cərimələnib. Bu, hələ yalnız əsas komandaya tətbiq olunan cəzalardır.
Əvəzedici komanda və aşağı yaş qruplarını da bura əlavə etsək, ümumi cərimə məbləği 200000 manata çatır. Bu isə ayda orta hesabla 23 min manata yaxın cərimə deməkdir.
“Neftçi”yə qarşı olan qərəzin altında nə yatdığını bilmirəm. Bəlkə kimlərsə komandanın dirçəlməsindən qorxur?
Ölkə futbolunu idarə edən hörmətli qurum, niyə digər klubların da üzərinə bu qədər düşmürsünüz? Görünür, konkret qərəziniz “Neftçi” ilədir.
Nəysə, “Neftçi”nin başının-gözünün sədəqəsi olsun. Hər ay nəziriniz veriləcək, təki hakimlərinizə "çəki-düzən" verin.
Misli Premyer Liqası, I tur – “Turan Tovuz” – 5000
Misli Premyer Liqası, IV tur – “Sabah” – 8000
Misli Premyer Liqası, VII tur – “Zirə” – 15700
Misli Premyer Liqası, VIII tur – “Araz-Naxçıvan” – 9700
Misli Premyer Liqası, IX tur – “Qəbələ” – 3000
Misli Premyer Liqası, X tur – “Kəpəz” – 2500
Misli Premyer Liqası, XI tur – “Qarabağ” – 23500
Azərbaycan Kuboku, 1/8 final – “Zirə” – 7700
Misli Premyer Liqası, XVI tur – “Karvan-Yevlax” – 4000
Misli Premyer Liqası, XVII tur – “Zirə” – 2000
Misli Premyer Liqası, XIX tur – “Qəbələ” – 500
Misli Premyer Liqası, XX tur – “Kəpəz” – 8000
Misli Premyer Liqası, XXII tur – “Şamaxı” – 5700
Misli Premyer Liqası, XXIII tur – “Turan Tovuz” – 23000
Misli Premyer Liqası, XXIV tur – “Qəbələ” – 8000
Misli Premyer Liqası, XXVIII tur – “Zirə” - 26200