Dris Mertens Kimdir? "Qalatasaray"ın Karyerasını Bitirən Maestrosu
23.06.2025 - 11:53
Dris Mertens Kimdir? "Qalatasaray"ın Karyerasını Bitirən Maestrosu

"Qalatasaray"ın sabiq yarımmüdafiəçisi Dris Mertensin taleyinə aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, o, peşəkar futbolçu karyerasını başa vurub.

Bunu belçikalı oyunçunun özü açıqlayıb. Yarımmüdafiəçi "Qalatasaray"la ardıcıl 3 çempionluq qazandıqdan sonra komandanı tərk edib.

Dris Mertens Kimdir?

Dris Mertens 6 may 1987-ci ildə Belçikanın Luven şəhərində anadan olub. Futbol səyahətinə kiçik yaşlarında "Anderlext" akademiyasında başlasa da, burada uzun müddət qala bilməyib. O, peşəkar futbol yoluna "Gent" klubunun gənclər komandalarında davam edib.

Karyerasının ilk illəri çox da parlaq olmayıb. O, bir neçə kiçik kluba icarə əsasında yollanıb. "AGOVV Apeldurn"da göstərdiyi performans onu diqqət mərkəzinə çəkdikdən sonra 2011-ci ildə Niderlandın məşhur PSV klubuna transfer olunub.

PSV-də Ulduz Parıltısı

Mertens PSV dövründə əsas parıldayan oyunçulardan biri olub. Niderland klubunda çıxış etdiyi iki mövsümdə 88 oyunda 45 qol və çoxsaylı assistləri ilə diqqətləri üzərinə çəkib. Hücumun istənilən cinahında oynamaq bacarığı onu Avropanın nəhəng klublarının transfer siyahısına daxil edib.

"Napoli"də Keçirdiyi Parlaq İllər

2013-cü ildə Mertens İtaliya A Seriyasının güclü klublarından biri olan "Napoli"yə transfer olunub. Bu keçid onun karyerasında dönüm nöqtəsi rolunu daşıyıb. "Napoli" dövründə Mertens komandanın ən sevilən futbolçularından birinə çevrilib.

"Napoli" forması ilə çıxdığı 397 oyunda 148 qol vuran Mertens, klub tarixində ən çox qol vuran futbolçu rekordunun sahibinə olub. O, azarkeşlərin sevgisini qazanmaqla yanaşı, hər iki ayağı ilə eyni dərəcədə güclü oynaya bilən ön xətt oyunçusuna çevrilib.

"Napoli"də qazandığı titullar:

  • 2 dəfə İtaliya Kuboku - 2013/14, 2019/20;
  • İtaliya Superkuboku - 2013/14.

Belçika Milli Komandası

Dris Mertens Belçika milli komandasının da əsas simalarından biri olub. Xüsusi ilə 2018-ci il Dünya çempionatında üçüncü yeri tutan komandada Mertensin rolu əvəzedilməzdir.

Milli forma altında çıxdığı 109 oyunda 21 qol vurub.

"Qalatasaray" Macərası

2022-ci il yay transfer dövründə Dris Mertens Türkiyənin əfsanəvi klublarından biri olan "Qalatasaray"a transfer olunub. O, təcrübəsi və keyfiyyətli oyunu ilə qısa zamanda komandanın liderlərindən birinə çevrilib.

"Qalatasaray" forması altında Mertens çox dəyərli assistləri, zərif texnikası və oyun oxuma bacarığı ilə hücum xəttini çox daha effektiv hala gətirib. O, tərəfdarların sevimlisinə çevrilməklə yanaşı, "Qalatasaray"ın 23, 24, və 25-ci çempionluqlarında önəmli rol oynayıb.

"Qalatasaray"da Nə İlə Yadda Qaldı?

  • 3 dəfə Türkiyə çempionu - 2022/23, 2023/24, 2024/25;
  • Türkiyə kuboku - 2024/25;
  • Türkiyə superkuboku - 2023/24.

Dris Mertensin Futbol Stili

Dris Mertens bəstə boyuna baxmayaraq, çevikliyi, sürəti və texnikası ilə fərqlənməyi bacaran futbolçu olub. Hər iki ayağı ilə oynamaq bacarığı, driblinqi və təcrübəsi onu öz dövrünün xüsusi futbolçularından birinə çevirib.