İsveç üzərində tarixi qələbə qazandıq. Futbolçuları, oynadıqları klublardakı məşqçilərini, bütün millətimi təbrik edirəm. Stadiondan oyunu izləyən azarkeşləri, ekran başında, Rüstəm Əfsərlinin əla şərhi fonunda matçı izləyən həmvətənlərimi, futbola dəxli olmayan vətəndaşları, nə bilim, Misli.az-da “şot” yazıb, kuponu tutan mərc həvəskarlarını, sizin xətrinizə Emin Mahmudovu da təbrik edirəm. Amma və lakin, bir nəfərdən başqa. Bildiniz də, söhbət kimdən gedir, yaxud da getmir?
Hə tarixi qələbə idi, gəlin, elə bu cür də sırıyaq hamıya. Özümüz də bu məğlub psixologiyadan qurtulmamağa davam edək. Finlandiyanı İmaməliyevin qolu ilə udduğumuz oyunu mən niyə indiyə kimi xatırlamalıyam? 700 il keçib e üstündən. Siz istəyirsiniz ki, bundan sonra bir 10 il də İsveç qalibiyyətini danışaq? Hə, udduq, nə olsun? Sizin ki, futboldan anlayışınız var, arvad-uşağın başını aldatdıq tutaq ki, İsveçi udmuşuq e, o boyda İsveçi. Axı siz yaxşı bilirsiniz ki, milli üçün heç bir mənası olmayan qələbə, rəqib üçün də zərrə əhəmiyyəti olmayan məğlubiyyət idi...
Mən bu ssenarini bilirdim, vallah, bilirdim belə olacaq. Dost-tanışa da demişdim, bir sözlə, qabağıma çıxan hamıya - uduzmayacağıq, hətta uda da bilərik. Hardan bilirdim? Yox e, oyun satılmışdı filan deməyəcəm, day o qədər də yox. Çünki mən artıq dejavu yaşayıram, hər dəfə, hər dəfə... Nəticənin heç bir önəm daşımadığı, bir nəfərin müqaviləsinin bitməyinə bi cıqqı vaxt qalan ərəfədə necəsə çıxıb qalib gəlirik, sonrakı proses də aydın məsələ. Qorxduğum da başıma gəldi. Hə, tarixi qələbə, gəlin, bir nəfərlə də müqaviləni yeniləyək, elə yerindəcə, dərhal! Tez tezzz...
Neyləməliydik ki? Çıxmalıydıq qrupdan? Yox, təbii ki, ağzımız əyilər, göydən daş yağar, hara çıxırıq qrupdan, a kişi. Bax, elə bu düşüncə bizi 700 ildir ki, Emin İmaməliyevin Finlandiyaya vurduğu qoldan danışdırır. Qələbəmizə kölgə salmaq kimi çıxmasın, amma bu qalibiyyət belə vəziyyətimizin yaman olduğunu gizlədə biləcək böyüklükdə deyil. Əsaslandırım da, sonra deməyin ki, boş-boş elə narazılıq edirsən. Çox uzağa yollanmayaq, götürək elə Moskvanın özünü. Region olaraq, mentalitet olaraq bizə yaxın ölkələrə baxaq. Əvvəla millimizin nəticəsini deyim, sonra: 7 oyun, 7 xal...
Qazaxıstan: 8 oyun, 15 xal. Moldova: 6 oyun, 9 xal. ( Moldova eee, Moldova). Gürcüstan: 7 oyun, 8 xal. Ermənistan: 6 oyun, 7 xal. Uzun sözün qısası, dünyanı, Avropanı qoyaq qırağa, heç MDB ölkələri arasında da vəziyyətimiz ürəkaçan deyil. Yaxşı qələbədir, ciddi nəticədir, motivasiyadır, razı. Amma bu gediş, bu düşüncəylə bir 10 il də bu qələbədən danışacağıq axı. Dünənə kimi De Byazinin (dözmədim, adını çəkdim axırı ki) yerinə gələ biləcək azı 10 nəfərlik yerli namizəd siyahısını (dünən biri ara yerdə təpik də yedi) bayraq kimi sallayan jurnalistlər dünən gecədən etibarən misterin şəklini az qala, sosial şəbəkələrdə profil şəkli etdi. Nə isə, siz bilərsiniz, Allahınız bilər. İsveçi udduq. Ceyhun Əliyev demişkən: Ura, cənablar, ura!
- Şahin Diniyev: “Eyforiyaya qapılmışdıq, hamımız günahkarıq” - Müsahibə
- Futbolumuzun qanqren barmaqları - Gəldim sizi xəbərdar eləyim
- Ceyhun Sultanov: “Günah Eddidə yox, onu meydana buraxan məşqçidədir” - Müsahibə
- Bəhlul və Ramil Şeydayev Belçikaya qarşı oynamayacaq
- Rauf Əliyev: “3:0 hesablı qələbəyə heç kim inanmazdı” - Müsahibə