2006-dan 2026-ya uzanan yol: 736 futbolçudan yalnız 4-ü qaldı
04.06.2026 - 13:12
2006-dan 2026-ya uzanan yol: 736 futbolçudan yalnız 4-ü qaldı

2006-cı ildə Almaniyada keçirilən dünya çempionatında iştirak edən 736 futbolçudan yalnız 4-ü 2026-cı il mundialının heyət siyahısında yer alıb.

Apasport.az xəbər verir ki, bu futbolçular Lionel Messi, Kriştiano Ronaldo, Gilyermo Oçoa və Luka Modriçdir.

Messi 2006-cı ildə Argentina millisinin heyətində mundiala 18 yaşında qatılmışdı. O, turnir zamanı 19 yaşını tamamlamışdı. 2026-cı il dünya çempionatında isə Messi 39 yaşında olacaq.Kriştiano Ronaldo 2006-cı ildə ilk dünya çempionatına 21 yaşında çıxmışdı. Portuqaliyalı ulduz 2026-cı ildə 41 yaşında mundialda iştirak etməyə hazırlaşır.

Meksika millisinin qapıçısı Gilyermo Oçoa 2006-cı ildə 20 yaşında heyətdə yer almışdı. Təcrübəli qolkiper 2026-cı il dünya çempionatı zamanı 41 yaşını tamamlayacaq.

Luka Modriç isə 2006-cı ildə Xorvatiya millisinin 20 yaşlı futbolçusu idi. 2026-cı ildə yarımmüdafiəçi 40 yaşında növbəti mundialına qatılacaq.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.