Hər bir futbol izləyicisi üçün dünya çempionatı xüsusi əhəmiyyət daşıyır. Dörd ildən bir keçirilən bu mötəbər turnir yaşından asılı olmayaraq yeddidən yetmişə bütün azarkeşləri ekran qarşısına, küçələrə və ən əsası stadionlara cəlb edir. Bugünkü söhbətimiz isə məhz bu il ABŞ, Meksika və Kanadanın birgə təşkilatçılığı ilə keçiriləcək dünya çempionatının açılış mərasiminə ev sahibliyi edəcək “Estadio Azteka” stadionundan gedir.
Meksikanın paytaxtı Mexiko şəhərində yerləşən "Estadio Azteka" dünya futbol tarixində xüsusi yer tutan ən məşhur stadionlardan biridir. 1966-cı ildə istifadəyə verilən stadion onilliklər ərzində beynəlxalq turnirlərə, tarixi matçlara və milyonlarla azarkeşin yaddaşında qalan anlara ev sahibliyi edib.

Tarixi və əsas göstəricilər
"Estadio Azteka"nın tikintisinə 1962-ci ildə başlanılıb və 29 may 1966-cı ildə rəsmi açılışı baş tutub. Stadionun memarları Pedro Ramires Vazkes və Rafael Mijares Alserreka olub. Hazırda stadionun tamaşaçı tutumu təxminən 87 min nəfər təşkil edir ki, bu da onu Cənubi Amerikanın ən böyük idman arenalarından birinə çevirir.
Dünya çempionatları və tarixi oyunlar
"Estadio Azteka" futbol tarixində iki dəfə dünya çempionatının final oyununa ev sahibliyi etmiş nadir stadionlardandır.
1. 1970-ci il Dünya Çempionatının finalında Braziliya millisi İtaliya üzərində qələbə qazanaraq dünya çempionu olub.
2. 1986-cı il Dünya Çempionatının finalında isə Argentina Almaniya üzərində qələbə əldə edib.
1986-cı ildə Argentina–İngiltərə qarşılaşması zamanı Dieqo Maradonanın vurduğu “Tanrının əli” və “Əsrin qolu” adlandırılan qollar məhz bu stadionda qeydə alınıb.

Klub və milli oyunlar
"Estadio Azteka" uzun illərdir “Amerika” (Club America) futbol klubunun ev stadionudur. Eyni zamanda Meksika milli futbol komandası da vacib beynəlxalq və rəsmi oyunlarını bu arenada keçirir.
Konsertlər və kütləvi tədbirlər
Stadion yalnız idman yarışları ilə məhdudlaşmır. Müxtəlif illərdə burada böyük miqyaslı konsertlər, mədəni və dini tədbirlər təşkil olunub.

Tarixdə ilkə imza atacaq
"Estadio Azteka" 2026-cı il FIFA Dünya Çempionatı oyunlarına ev sahibliyi edəcək. Bununla da stadion tarixdə üç fərqli dünya çempionatında oyun keçirilən ilk stadion kimi futbol tarixinə düşəcək.
"Estadio Azteka" təkcə Meksika futbolunun deyil, dünya idman tarixinin ən əlamətdar məkanlarından biri hesab olunur. Onilliklər ərzində burada keçirilən oyunlar və baş verən hadisələr stadionu futbolun simvol arenasına çevirib.