“Qalatasaray” prezidenti Dursun Özbek Mauro İkardi, Viktor Osimhen və baş məşqçi Okan Burukla bağlı açıqlamalar verib.
Apasport.az xəbər verir ki, klub rəhbəri İkardiyə yeni müqavilə təklif etdiklərini bildirib.
Özbek argentinalı hücumçunun yalnız önəmli futbolçu deyil, həm də “Qalatasaray” azarkeşi ilə xüsusi bağ quran xarakter olduğunu deyib:
“Mauro İkardi sadəcə çox önəmli futbolçu deyil, ‘Qalatasaray’ azarkeşi ilə xüsusi bağ qurmuş bir xarakterdir. Onunla münasibətimiz son dərəcə yaxşıdır. Biz heç bir futbolçumuzla münasibətə yalnız müqavilə pəncərəsindən baxmırıq. İkardinin ‘Qalatasaray’a qatdığı dəyər ortadadır. Ona təklif etmişik. Proses qarşılıqlı hörmət, klubumuzun maddi və idman maraqları çərçivəsində aparılır”.
Dursun Özbek Viktor Osimhenlə bağlı da danışıb. O, nigeriyalı hücumçunu satmaq fikirlərinin olmadığını vurğulayıb:
“‘Qalatasaray’da uğurlu olan hər futbolçunun Avropanın önəmli klublarının radarına düşməsi təbiidir. Bu, klubumuzun doğru işlər gördüyünü göstərir. Amma bizim prioritetimiz ‘Qalatasaray’ın maraqlarıdır. Osimhen dünya səviyyəli futbolçudur və burada xoşbəxtdir. Bizim Osimheni satmaq kimi niyyətimiz yoxdur”.
Klub rəhbəri Osimhen transferinin riskli addım olmadığını da bildirib:
“Biz heç bir transferi macəra olsun deyə etmirik. İdman baxımından verəcəyi töhfəni, xarakteri, maliyyə strukturunu və komanda balansını birlikdə dəyərləndiririk. Bu baxımdan Osimhen hamının mümkünsüz dediyi, amma bizim detallı şəkildə hesabladığımız və planlaşdırdığımız transfer idi. Onun verdiyi töhfəni hamımız görürük”.
Özbek baş məşqçi Okan Burukdan da razı olduqlarını söyləyib. O, Burukla uzunmüddətli əməkdaşlığın davam edəcəyinə işarə edib:
“Okan Burukdan son dərəcə məmnunuq. Uğur, uyğunluq və qarşılıqlı inam olduğu müddətdə ‘Qalatasaray’da uzunmüddətli əməkdaşlıqların çox dəyərli olduğuna inanıram. Okan Buruk artıq ‘Qalatasaray’ tarixinə çox önəmli izlər buraxıb. Bu uğurlu dövrün bu il qazanacağımız çempionluqla rekorda çatacağına inanıram”.
Müqavilənin uzadılması ilə bağlı sualı da cavablandıran Dursun Özbek “Heç bir problem yoxdur. Uzadacağıq” deyib.