FIFA 2026 Dünya Kubokunda VAR texnologiyasının istifadə sahəsini genişləndirmək üçün hazırlıqlara başlayıb.
Apasport.az xəbər verir ki, VAR artıq yalnız qol, penalti və qırmızı vərəqə epizodları ilə məhdudlaşmayacaq. Korner qərarları və futbolçulara ikinci sarı vərəqənin verilib-verilməməsi kimi situasiyalara da VAR tərəfindən baxılacaq.
Əgər genişləndirilmiş model Dünya Kuboku zamanı uğurlu nəticə verərsə, sistemin gələcəkdə bütün liqa və turnirlərdə daimi olaraq tətbiqi gündəmə gələcək.
Bundan əlavə, FIFA zədələnmə epizodları ilə bağlı yeni qayda sınaqdan keçirir. Belə ki, əgər futbolçu müalicə alırsa və həmin epizodda nə sarı, nə də qırmızı vərəqə verilməyibsə, o, məcburi şəkildə iki dəqiqə meydanı tərk etməlidir. Bu addım oyundakı gecikmələri minimuma endirmək məqsədi daşıyır.
Qaydalar rəsmən təsdiqlənərsə, bütün yeniliklər 1 iyun 2026-cı ildən qüvvəyə minəcək.