“Real Madrid”in sabiq yarımmüdafiəçisi Lukas Vaskez keçmiş komanda yoldaşı Vinisius Juniorun oyun üslubu və xarakteri ilə bağlı fikirlərini bölüşüb.
Apasport.az xəbər verir ki, ispan futbolçu braziliyalı hücumçunun meydandakı davranışlarının onun futbol fəlsəfəsi ilə birbaşa əlaqəli olduğunu bildirib.
34 yaşlı Vaskezin sözlərinə görə, Vinisius məsuliyyətinin fərqində olan və böyük ürəyə sahib futbolçudur: “Vini nə etməli olduğunu anlayacaq qədər yetkindir. O, karyeram ərzində rastlaşdığım ən yaxşı insanlardan biridir və çox böyük ürəyi var. Onun temperamentinin oyunu ilə üst-üstə düşdüyünü düşünürəm. Meydanda bir burulğan kimidir – yorulmur, daim rəqibə hücum edir, müdafiəni yarmağa çalışır".
Təcrübəli futbolçu əlavə edib ki, gənc hücumçuya anlayışla yanaşmaq lazımdır: “O, üzərinə düşən məsuliyyəti hiss etməyi sevir. Bəzən səhvlər edir, amma bunu hamımız edirik. Əsas odur ki, ona hörmətlə yanaşaq və olduğu kimi qəbul edək".