Fatih Köşe: “Çövkən ortaq mədəni irsimizdir”
02.10.2025 - 18:18
Fatih Köşe: “Çövkən ortaq mədəni irsimizdir”

Bu gün III MDB Oyunları çərçivəsində Şəki şəhər stadionunda keçirilən çövkən yarışları zamanı Türkiyə Çövkən Federasiyasının prezidenti Fatih Köse çövkən oyununun tarixi əhəmiyyəti və bu sahədə Türkiyə ilə Azərbaycanın əməkdaşlığı barədə fikirlərini bölüşüb.
 
Apasport.az xəbər verir ki, onun sözlərinə görə, çövkən qədim türk oyunudur və təxminən 2400 illik tarixə malikdir:
 
“Çövkən Türküstanda, Orta Asiyada formalaşıb, oradan bütün dünyaya yayılıb və bu gün müasir polo oyununun əsasını təşkil edir. Bu ortaq mədəni irs Azərbaycan tərəfindən əsrlər boyu qorunub saxlanılıb və heç vaxt unudulmayıb. Azərbaycan bu oyunun yaşadılmasında və inkişafında aparıcı rol oynayır”.
 
Fatih Köse qeyd edib ki, Türkiyə də bu qədim oyunun canlandırılmasına önəm verir:
 
“Biz iki il əvvəl Türkiyədə çövkən oyunlarını yenidən bərpa etdik. Hazırda bu dəyərli irsi Azərbaycanla birgə inkişaf etdirmək istiqamətində fəal şəkildə çalışırıq”.
 
Federasiya prezidenti III MDB Oyunlarında iştirakın əhəmiyyətinə toxunaraq bildirib:
 
“Bu yarışlarda iştirak bizim üçün həm idman, həm də mədəni münasibətlərin inkişafı baxımından xüsusi önəm daşıyır. Çövkən sadəcə bir idman növü deyil, eyni zamanda xalqlar arasında dostluq və əməkdaşlığı möhkəmləndirən bir mədəni körpüdür”.
 
Azərbaycanın təşkilatçılığını yüksək qiymətləndirən F.Köse fikirlərini belə tamamlayıb:
 
“Azərbaycan bu oyunlara böyük diqqət yetirir. Tamaşaçıların isti münasibəti və dəstəyi bizə motivasiya verir. Ümid edirik ki, bu oyunlardan zövq alacaqlar”.