Elçin Cəfərov: “Mən kəmiyyətə yox, keyfiyyətə üstünlük verirəm”
10.04.2008 - 11:06
Elçin Cəfərov: “Mən kəmiyyətə yox, keyfiyyətə üstünlük verirəm”
- Ötən il Bakıda keçirilmiş dünya çempionatından sonra beynəlxalq turnirlərdə göstərilən nəticələr, təlim-məşq toplantıları yaxınlarda Finlandiyanın Tampere şəhərində başa çatan Avropa çempionatında istənilən səviyyədə öz əksini tapdımı?
- Bəzi məqamlarda öz əksini tapdı, bəzən isə yox. Rövşən Bayramovun qələbəsi sayəsində, demək olar ki, hazırlıq prosesinin nəticəsini gördük. Rövşən həm qızıl medala sahib çıxdı, həm ötən il Bolqarıstanın paytaxtı Sofiyada əldə etdiyi Avropa çempionu titulunu qorudu, həm də 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya qazandı. Bununla yanaşı, bəzi çəkilərdə güləşçilər göstərilən etimadı doğrultmadılar.
- Konkret hansı çəkiləri nəzərdə tutursunuz?
- 60, 66, 74, 96 və 120 kq çıxış etmiş idmançıların çıxışları məni qane etmədi. Yalnız 66 kq çəkidəki Hüsaməddin Rəcəbova güzəşt etmək olar. Çünki 2005-ci ildə üzləşdiyi dopinq qalmaqalı üzündən 3 ilədək böyük idmandan kənarda qalmışdı. Fikrimcə, Hüsaməddin pis təsir bağışlamadı. İki görüşdə qələbə qazandı, ikisində isə hesabda öndə olduğu halda, məğlubiyyətlə üzləşdi. Öz üzərində bir qədər də işləsə, əvvəlki idman formasını bərpa edə biləcək. Qalan güləşçilər – Fuad Əliyev, İlqar Abdulov, Denis Mişin və Anton Botev hazırlıq şəraitləri, gördükləri diqqət və qayğı müqabilində heç bir səy, heç bir nəticə, heç bir istək göstərmədilər. Bu da şəxsən mənə çox ağır gəlir. Əgər işimdə səhlənkarlığa, zəifliyə, boşluğa yol versəydim, məni o qədər də incitməzdi.
- Sizcə, güləşçilərin problemləri nədən ibarətdir?
- Vallah, zədələri, aclıqları, susuzluqları yoxdur. İdmançıların özləri də uduzmalarının səbəbini bilmirlər. Biz problemi birgə və təklikdə araşdırmaq niyyətindəyik. Uduzmaq olar, çünki məğlubedilməz idmançı yoxdur. Lakin məğlubiyyətin də bir həddi var. Düşünürəm ki, İtaliyanın paytaxtı Roma və Serbiyanın Novi Sad şəhərində keçiriləcək Pekin Olimpiadasına lisenziya xarakterli təsnifat turnirlərində yığmamızın tərkibində dəyişikliklər olacaq. Çalışacağıq ki, güləşçilərimizin əvvəlki yarışlarda buraxdıqları səhvlər təkrarlanmasınlar.
- İkinci dəfə Avropa çempionluğunu qazanan Rövşən Bayramovun çıxışları haqda nə deyərdiniz?
- Rövşən bu qələbəsi ilə özünü reabilitasiya etdi, Bakıda keçirilən dünya çempionatında rusiyalı Manikiyevə məğlubiyyətinin əvəzini çıxdı. Açığı, Bayramovun Bakıda erməni Roman Amoyan üzərində qələbəsi məni bir o qədər sevindirmədi. Amma Amoyanı Avropa çempionatının finalında yenməsi daha parlaq alındı. O, Ermənistan güləşçisi ilə Bakıda ilk görüşdə üz-üzə gəldi. Qələbə qazansa da, sonda medalsız və Olimpiadaya lisenziyasız qaldı. Tamperedə isə qələbə qazanaraq, qızıl medala və lisenziyaya sahib çıxdı. Bu, Rövşənin Olimpiya Oyunları öncəsi özünə inamının, özünə qayıdışının təsdiqidir. Sübut etdi ki, Bakıdakı dünya çempionatında lisenziya və medalsız qalması sırf təsadüf idi. O, dünyada 55 kq çəkidə yer alan yunan-Roma güləşçiləri arasında lider olduğunu göstərdi. Bayramov yarışı çox yüksək səviyyədə keçirdi və haqlı olaraq, mütəxəssislər tərəfindən yarışın ən texnikalı güləşçilərindən biri kimi fərqləndirildi. İstərdim ki, Rövşən, Fərid Mansurov və bundan sonra lisenziya qazanacaq digər güləşçilərimiz bu uğurlarını Olimpiadada da təkrarlasınlar.
- Praktikaya nəzər yetirdikdə, mötəbər yarışlarda ehtiyat qüvvənin heç də istənilən səviyyədə özünü göstərmədiyi müşahidə edilir. Yəni, Rövşən Bayramov, Vitali Rəhimov və Fərid Mansurovdan savayı, qitə, dünya və Olimpiya Oyunlarında mükafata layiq yerlər tutan yunan-Roma güləşçilərimiz olmayıb…
- Lazımi səviyyədə ehtiyat qüvvəmiz var. Məsələn, Olimpiya və dünya çempionu Fərid Mansurovun çıxış etdiyi 66 kq çəkidə Avropa çempionatında Hüsaməddin Rəcəbova şans verdik. O da əlindən gələni etdi. 60 kq-da Vitali Rəhimov zədəli olduğundan, qitə birinciliyində Fuad Əliyevi sınadıq. Lakin bu insan öz şansından yararlana bilmədi. Yaxud 55 kq-da yalnız Rövşən Bayramovla kifayətlənmirik. Biz hamısına imkan verir, şərait yaradırıq. Lakin kim şansından necə yararlanırsa, öz işidir. Sabah deməsinlər ki, 66 kq-da Mansurov olduğu üçün heç kimə şans vermədilər, irəli buraxmadılar. Lakin bir adam ümidləri doğrultmursa, ona nə qədər şans vermək olar? Bura turizm bürosu deyil ki, aparaq xarici ölkəni gəzdirək. Çalışırıq ki, Fərid başda olmaqla, yığma üzvləri, ölkəmizi təmsil edən hər kəs xaricə gedəndə nəticə ilə qayıtsınlar. Bu da onların xalça üzərində özlərini necə göstərmələrindən asılıdır. Əgər bir adam xalça üzərinə çıxıb, rəqibinə qarşı heç bir fənd işlətmirsə, nə etmək olar? Deməli, özü oturub gələcəyini fikirləşməlidir. Axı bu, təkcə bizdən asılı məsələ deyil. Gərək insanın özünün istəyi olsun. Güləşmək istəmirsə, biz nə etməliyik? Belə təsəvvür yaranır ki, bunları nəyəsə məcbur edirlər. Əslində belə deyil. Kiməsə sərf etmirsə, nə özü əziyyət çəksin, nə də ona etimad göstərən insanları əziyyətə salsın. Hər yarışdan öncə güləşçilərdən hansının hazır olub-olmadığını soruşuruq. Deyirik ki, kimsə hazır deyilsə, gedib uduzaraq qayıtmasın, özünə problem yaratmasın.
- Adətən, rəhbərliyiniz altında Avropa və dünya çempionatları, Olimpiya Oyunlarında güləşçilərimiz bir qızıl medalla kifayətləniblər. Bu, təsadüfdür, yoxsa…
- Biz çalışırıq ki, hamısı medal qazansın. Medalı gərgin mübarizədə qazanmaq lazımdır. Kim buna qadirdirsə, hazırdırsa, bu medalı əldə edir. Digər tərəfdən də deyirəm ki, heç olmamaqdansa, bir qızıl daha yaxşıdır. Mən kəmiyyətin yox, keyfiyyətin tərəfdarıyam.
- Bu baxımdan, Fərid Mansurov və Rövşən Bayramovdan Olimpiadada medal görə biləcəyikmi?
- Bunu qabaqcadan demək mümkün deyil. Bəzən deyirlər ki, biz medal gətirməyə gedirik. Mən, ümumiyyətlə, belə fikirlərin qəti əleyhinəyəm. Bunlar bir qədər səviyyəsiz çıxış, bəyanatlardır. Təbii ki, hamı medal qazanmaq istəyir. Amma istəyi reallaşdırmaq özündən asılıdır. İdmanda hər şey – qələbə də, məğlubiyyət də mümkündür. Hesab edirəm ki, Olimpiadaya ən hazır, mübariz idman formasında olanlar getməli, medallar uğrunda mübarizə aparmalıdırlar.
- Avropa çempionatında sərbəst güləşçilərimiz də Pekin Olimpiadasına bir lisenziya qazansalar da, dörd bürünc medalla ümumi komanda hesabında 3-cü yeri tutdular. Sizcə, “klassik” güləş yığmamızın cəmi bir medal və bir lisenziya ilə kifayətlənməsi normal göstəricidir?
- Bilirsiniz, sərbəst və yunan-Roma güləşinin özünəməxsus mənfi və müsbət tərəfləri var. Mən sərbəst güləş yığmamızı təbrik edirəm. Həqiqətən də böyük nailiyyət əldə ediblər. Ancaq sərbəst və yunan-Roma güləşinin müqayisəsi çox böyükdür. Sərbəst güləşdə bir neçə aparıcı ölkə var. Bunlar əsasən, Rusiya, Ukrayna və Türkiyədir. Amma qitə birinciliyində yunan-Roma güləşində ən azı 25 ölkə medallar uğrunda mübarizə aparırdı. Yarışların protokollarına da baxa bilərsiniz. Ona görə də hesab edirəm ki, biz Rövşən Bayramovdan başqa, daha bir lisenziya əldə etsəydik, qarşımıza qoyduğumuz məqsədə müəyyən mənada çata bilərdik. Lakin istəklə reallıq, planlaşdırma ilə onu həyata keçirmək ayrı-ayrı məqamlardır. Qarşıdakı iki lisenziya turnirində qalan 5 çəki dərəcəsində daha bir lisenziya götürməyə müvəffəq olsaq, müəyyən mənada yunan-Roma güləşində lisenziya məsələsi həll oluna bilər.
- Rövşən Bayramovdan başqa, digər lisenziyanı kimdən gözləyirdiniz?
- 66 kq-da lisenziya məsələsini hələ ötən il Fərid Mansurov həll etdiyi üçün Hüsaməddin Rəcəbovu sırf qüvvəsini sınamaq üçün aparmışdım. 84 kq-da isə məlum məsələ ilə əlaqədar heç kimə şans verməmişdim. Amma qalan 5 çəkidəki güləşçilərimizin lisenziya uğrunda mübarizə aparacaqlarını gözləyirdim. Mən Fuad Əliyevə də, İlqar Abdulova da inanırdım. Xüsusən, İlqara çox böyük ümid bəsləyirdim. Əslində, güləşçilərimizin hamısı eyni hazırlıq prosesi keçib. Heç kimə qarşı ayrıseçkilik olmayıb. Xalça üzərində isə qələbə və məğlubiyyət olur. Məğlubiyyətin də növləri var. Bir var ki, finalda, medallar uğrunda uduzasan. Bir də var, ilk görüşdəcə məğlub olasan. Bax, bu, bağışlanmazdır. Avropa çempionatında Olimpiya və dünya çempionlarından əksəriyyəti məğlub oldu. Lakin bu, əsas vermir ki, ümid bəslədiyimiz güləşçilərə haqq qazandıraq. Bəli, bizimkilər də məğlub olmaqla yanaşı, qələbə qazandılar. Bundan sonra çalışıb, çatışmazlıqları aradan qaldırmalıyıq.
- 96 və 120 kq çəki dərəcələrində Denis Mişinlə Anton Botev artıq neçənci turnirdir ki, ümidləri doğrultmur. Həmin çəkilərlə bağlı hansı fikirdəsiniz?
- Məncə, onların çıxışlarından rəhbərlik də müəyyən mənada narazıdır. Təbii ki, Mişin və Botevin qitə çempionatındakı çıxışları heç kimi qane edə bilməzdi. Yəqin, bu yaxınlarda rəhbərlik də öz fikrini deyəcək. Belə davam edərsə, qarşıdakı lisenziya turnirlərində 96 kq-da öz yetirməmiz olan Aydın Səfərovu sınayacağıq. Əgər legioner güləşçimiz özünü doğrultmursa, turnirə aparılmasının nə mənası, nə xeyri var? Başqa ölkələrin yığmalarında da legionerlər mübarizə aparırlar. Özünüz müqayisə edin. Digər çəkilərdən bəzilərində də dəyişikliklər olacaq. Biz gənclərə də yer verəcəyik.
- Ümumiyyətlə, qarşıdakı iki olimpiya lisenziyalı turnirə aparacağınız heyəti müəyyənləşdirmisinmi?
- Xeyr, hələ tezdir. Biz aprelin 11-dən Tofiq Bəhramov adına Respublika stadionunda yerləşən bazamızda 10 gün müddətində ümumi fiziki hazırlığa başlayacağıq. Sonra isə texniki-taktiki hazırlıq üzərində işləyəcəyik. Daha sonra toplanışa cəlb olunanlar arasında yoxlama görüşləri keçirəcək, heyəti müəyyənləşdirəcəyik.
0