Pekin olimpiadasında iştirak edəcək Azərbaycan sərbəst güləşçilərinin sayı 6-ya çatıb
21.04.2008 - 10:38
Pekin olimpiadasında iştirak edəcək Azərbaycan sərbəst güləşçilərinin sayı 6-ya çatıb
“APA-Sport” agentliyinin məlumatına görə, yarışda çıxış edən Azərbaycanın 5 pəhləvanından 4-ü Olimpiadaya lisenziya əldə edib. Güləşçilərimizdən Novruz Temrezov (84 kq) və Xetaq Qazyumov (96 kq) qızıl, Zəlimxan Hüseynov (60 kq) gümüş, Namiq Sevdimov (55 kq) bürünc medala sahib çıxıb. Əli İsayev (120 kq) isə əvvəlcə Nestoras Batzelas (Yunanıstan), sonra Ruslan Basiyevi (Ermənistan) məğlub etsə də, ¼ finalda Çliluunbat Yarqalsayxana (Monqolustan) uduzub. Ç.Yarqalsayxan növbəti qarşılaşmasında yenildiyindən, Ə.İsayev təsəlliverici görüşlərə qatılaraq, bürünc medal uğrunda mübarizə aparmaq şansını itirib. Turnirin reqlamentinə əsasən, hər çəkidə ilk dörd mükafatçı sırasına düşən pəhləvanlar Olimpiadaya vəsiqə qazanmalı idilər. Buna görə də N.Temrezov, X.Qazyumov, Z.Hüseynov və N.Sevdimov müxtəlif əyarlı medallarla yanaşı, Pekinə lisenziyaya da sahib çıxıblar. Əvvəllər Emin Əzizov (66 kq) və Çamsulvara Çamsulvarayev (74 kq) də bu vəzifənin öhdəsindən gəldiyindən, hələlik Olimpiya Oyunlarında ölkəmiz 7 mümkün çəki dərəcəsindən 6-da təmsil olunmaq hüququna yiyələnib. Yalnız 120 kq çəkidə hələ lisenziya qazana bilməyən Əli İsayev Pekinə yollanmaq üçün son imkan sayılan Polşanın paytaxtı Varşavada 2 - 4 mayda keçiriləcək II təsnifat turnirində ilk üç mükafatçı sırasına düşməlidir.
0