Çingiz Hüseynzadə: “2016-cı il olimpiadası uğrunda ABŞ-la mübarizə aparmağın çox çətin olduğunu hamı başa düşür”
21.04.2008 - 10:57
Çingiz Hüseynzadə: “2016-cı il olimpiadası uğrunda ABŞ-la mübarizə aparmağın çox çətin olduğunu hamı başa düşür”
- Az öncə Pekində Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyasında iştirak etmisiniz. Toplantı çərçivəsində keçirdiyiniz görüşlərdə Azərbaycan üçün xüsusi önəm daşıyan hansı məsələlərə toxunuldu?
- Ümumiyyətlə, iki ildən bir keçirilən Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyası Olimpiya Oyunlarının təşkil edildiyi şəhərlərə təyin edilir. Toplantıya təşkilata üzv olan 205 ölkənin Milli Olimpiya Komitəsinin nümayəndələri, eləcə də Beynəlxalq Olimpiya Komitəsinin müvafiq strukturları toplaşırlar. İclasın gündəliyində bir sıra məsələlər var idi. İlk olaraq, Assosiasiyanın prezidenti və baş katibi, qurum prezidentinin ayrı-ayrı qitələrin Olimpiya Komitələrinin rəhbəri olan müavinlərinin, həmçinin, Pekin, Vankuver, London və Soçi Olimpiya Oyunlarının Təşkilat Komitələrinin, ayrı-ayrı komissiyaların hesabatları dinlənildi, onlar ətrafında fikir mübadilələri aparıldı. İclas öz işini başa vurandan sonra Milli Olimpiya komitələri nümayəndələrinin Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqqe ilə görüşü oldu. Eyni zamanda, orada şərait yaradılmışdı ki, hər bir Milli Olimpiya Komitəsinin nümayəndələri konkret məsələlərinə Pekin Olimpiadasının Təşkilat Komitəsinin hər hansı məmuru ilə görüşüb, aydınlıq gətirsin. Bura komandanın qəbulu, yerləşdirilməsi, akkreditasiya və digər texniki məsələlər daxil idi. Bu toplantıda birbaşa nümayəndə heyətimizlə bağlı bir məsələ vardı. Belə ki, Baş Assambleyanın gedişinə 2016-cı il Yay Olimpiya və Paralimpiya Oyunlarına namizədliyini irəli sürən şəhərlərin nümayəndələri müşahidəçi qismində dəvət olunmuşdu. Bakı şəhərinin nümayəndə heyətinə Təşkilat Komitəsinin sədri, baş nazirin I müavini Yaqub Eyyubov rəhbərlik edirdi. İddiaçı şəhərlərin nümayəndələri heç bir təqdimat və təbliğatla məşğul deyildilər. Onlar gəlmişdilər ki, qarşıdakı Yay və Qış Olimpiya Oyunlarının təqdimatı ilə tanış olsunlar. Yaqub Eyyubov başqa iddiaçı şəhərlərin nümayəndə heyətlərinin rəhbərləri, Beynəlxalq Olimpiya Komitəsinin rəsmiləri və üzvləri ilə şəxsən tanış oldu, onlarla söhbətləşdi, bir çox məsələlər ətrafında qeyri-rəsmi müzakirələr apardı. Bu baxımdan, səfərimizin bizim üçün böyük əhəmiyyəti vardı.
- Bakı şəhərinin 2016-cı il Yay Olimpiya və Paralimpiya Oyunlarına namizədliyini irəli sürməsindən sonra Beynəlxalq Olimpiya Komitəsinin prezidenti və bir neçə üzvü ölkəmizə səfər ediblər. Pekində olarkən də, qurumun digər üzvlərindən müəyyən qismi ilə görüşlər keçirdiyinizi dediniz. Onlar Bakının Olimpiada təşkil etmək imkanları haqda hansı fikirdədirlər?
- Onların fikirlərini mən sizə açıq deyə bilərəm. Beynəlxalq Olimpiya Komitəsinin bir çox üzvü ilə şəxsən özüm söhbət etmişəm. Onların hamısı birmənalı olaraq, Bakı şəhərinin Olimpiadaya namizədliyini irəli sürməsini dəstəkləyir, təqdir edir və prezidentimizin düzgün addım atdığını vurğulayırlar. Bununla yanaşı, etiraf edilir ki, paytaxtımızın 2016-cı il Olimpiya Oyunlarını keçirmək hüququ qazanması çox çətin məsələdir. Çünki Bakı şəhəri bu tədbirlərə o qədər də hazır deyil. Analizlər də göstərir ki, bu gün 7 iddiaçı şəhərdən 3-ü – Çikaqo, Madrid və Tokio şəksiz liderdir. Bu şəhərlərin yerləşdiyi ölkələr dəfələrlə Olimpiya Oyunlarını təşkil ediblər və təcrübələri kifayət qədərdir. Bu şəhərlərin hər birinin əhalisi Azərbaycanın ümumi əhalisindən çoxdur və Olimpiada təşkil etmək üçün bütün imkanlara malikdirlər. Rio-de-Janeyro müxtəlif məsələlərdə bu üç şəhərdən geri qalsa da, artıq bir neçə dəfə öz namizədliyini irəli sürüb və final mərhələsinə yüksəlib. Ona görə də bu şəhərin də müəyyən şansları var. Qətərin paytaxtı Doha ötən il Asiya Oyunlarını təşkil edib. Asiya Oyunları öz miqyası, iştirakçı idmançıların və idman növlərinin sayı baxımından, heç də Olimpiya Oyunlarından geri qalmır. Bu gün Dohada ən müasir infrastruktur mövcuddur. Praqada qeyri-müəyyən vəziyyətdir. Bakıda istək güclüdür, amma bir çox müsbət və mənfi cəhətləri də var. Biz bunu etiraf etməliyik. Bu səbəbdən, iyunun 4-də Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi final mərhələsinə keçəcək şəhərlərlə bağlı hansı qərarı qəbul edəcəksə, hörmətlə qarşılayacağıq.
- Yəni, Bakı şəhərinin hətta ilkin mərhələni keçmə imkanları da aşağıdır?
- Söhbət elə ilkin mərhələni dəf etməkdən gedir. Birinci mərhələdən “şort-list” adlanan ikinci etapa keçid sırf texniki cəhətlərlə bağlıdır. Artıq burada heç bir başqa məsələlər rol oynamır. Yəni, şəhərin Olimpiadaya texniki cəhətdən nə dərəcədə hazır olduğu üzərində Beynəlxalq Olimpiya Komitəsinin texniki komissiyası işləyir və gəldiyi qənaəti təqdim edir. Bu zaman səsvermədən istifadə olunmur. Bu, insanların Bakıya xoş və ya pis münasibəti ilə bağlı məsələ deyil. Beynəlxalq Olimpiya Komitəsinin üzvləri şəxsən, ayrı-ayrılıqda ikinci mərhələdə səs verirlər. İlkin mərhələdə isə şəhərin imkanları texniki komissiyanın şərtlərinə uyğun olmalıdır. Ona görə də Bakının müsbət və mənfi cəhətlərinin olduğunu vurğuladım. Müsbət cəhətlər Olimpiada fəlsəfəsindən tutmuş, irsi, ekoloji və digər məsələlərdə hazırlığı ilə bağlıdır. Mənfi cəhət isə bu gün, demək olar ki, Olimpiya Oyunlarının tələblərinə cavab verən heç bir idman qurğumuzun olmaması ilə bağlıdır. Qonaq qəbul etmək üçün kifayət qədər otelimiz yoxdur. Yollarımız hələ yüksək səviyyədə deyil. Hava limanımızın təyyarə qəbul etmək imkanı o qədər də böyük deyil. Yalnız nəzəri cəhətdən potensialımıza əsaslanaraq, deyirik ki, 2016-cı il Olimpiadasınadək nə isə edə bilərik. Texniki komissiyanın üzvlərini isə Azərbaycan iqtisadiyyatının qarşıdakı illərdə nə qədər yüksələcəyi maraqlandırmır. Onlar bu günkü vəziyyətə baxırlar və müvafiq tövsiyələrini təqdim edirlər.
- Texniki komissiya Bakı şəhərindəki vəziyyətlə necə tanış olub?
- Beynəlxalq Olimpiya Komitəsinə təqdim etdiyimiz Sifariş Kitabında biz şəhərimizin mövcud imkanları haqda qeydlər aparmışıq. Bu məsələlərdə yalan danışmaq, onları aldatmaq mümkün deyil. Biz Bakı şəhərinin xəritəsini, idman obyektlərinin yerləşəcəyi məkanları və həcmlərini, əhali sayını, beşulduzlu otellərin miqdarını göstərmişik. Biz bu məlumatları verməsəydik belə, onları internetdən tapmaq problem deyildi. Əgər Bakı şəhəri ikinci mərhələyə keçsə, Beynəlxalq Olimpiya Komitəsinin Qiymətləndirmə Komissiyası paytaxtımıza təşrif buyuracaq və nəzərdə tutduğumuz planların nə dərəcədə real olduğunu öyrənəcəklər. Amma ilkin mərhələdə Texniki Komissiya hər bir iddiaçı şəhərin mövcud imkanları haqda məlumat verəcək. Beynəlxalq Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvləri isə ikinci mərhələyə hansı şəhərin buraxılmasının məqsədəuyğunluğu haqda qərar çıxaracaqlar.
- Rusiyanın Soçi şəhəri də 2014-cü il Qış Olimpiya Oyunlarının təşkilatçılıq hüququna yiyələnərkən, heç bir idman infrastrukturu olmayıb. İdman obyektləri sonradan tikiləcək. Siz də dəfələrlə qeyd etmisiniz ki, Bakı şəhərinin adı ikinci mərhələyə keçəndən sonra idman qurğularının tikintisinə başlanılacaq…
- Soçidəki vəziyyət də Bakı şəhəri ilə oxşar idi. Amma onu da nəzərə almaq lazımdır ki, Qış Olimpiya Oyunları Yay Olimpiadasından iştirakçıların, idman növlərinin, azarkeşlərin sayına görə 3 dəfə kiçikdir. Digər tərəfdən, 2008-ci il Olimpiadasının keçiriləcəyi Çində tamaşaçıların sayının 70-80 faizi bu ölkənin vətəndaşlarıdır. Yalnız 20-30 faizi kənardan gələnlər olacaq. Təcrübə göstərir ki, hər Olimpiadada 6 milyon tamaşaçı olur. Yəni 6 milyon bilet satılır. Bu biletlərin 4-5 milyonunu yerli əhali, 1-2 milyonunu isə turistlər, əcnəbi vətəndaşlar alır. 2016-cı il Olimpiadasına iddialı Dohanın heç bir milyon əhalisi yoxdur. Ora 6 milyon tamaşaçı hardan gələcək, onları haradan gətirəcəklər? Dohada zallar boş qalacaq, yarışlar boş yerlərdə keçiriləcək. Olimpiada zamanı voleybol və ya basketbol oyunları üçün zal 18 min tamaşaçı tutumuna malik olmalıdır. Beynəlxalq Olimpiya Komitəsindən soruşurlar ki, Olimpiada qurtardıqdan sonra bu zalda hansı yarış keçirəcəksən ki, 18 min tamaşaçı toplaya biləsən? Yəni bu qədər əziyyət bahasına tikilən zalın aqibəti necə olacaq? Amma Qış Olimpiadasında yalnız hokkey yarışları zalı istisna olmaqla, böyük tamaşaçı tutumuna malik obyektlərdən istifadə olunmur. Məsələn, dağ xizəkçiliyi üçün 2-3 minlik tamaşaçı tutumuna malik tribunalar tələb olunur. Həm də Rusiyanın potensialı ilə Azərbaycanınkı arasında böyük fərq var. 2014-cü il Olimpiadası uğrunda mübarizə gedərkən, Rusiya oliqarxları Soçidə tikiləcək obyektlər üçün lazımi vəsaitin 70-80 faizini özlərinin xərcləyəcəklərinə zəmanət verdilər. Beynəlxalq Olimpiya Komitəsi bu məsələni də qaldırır ki, Olimpiada təşkilatçılığı xərclərini kim çəkəcək: dövlət, yoxsa özəl sektor? Burada gördüyünüz kimi, bir çox nüanslar var və qalib şəhərin seçimi zamanı bunların hamısı nəzərə alınır. Biz reallıqdan da çıxış edərək, ilk dəfə namizədliyini irəli sürən şəhərin çox nadir hallarda qələbə qazandığını anlayırıq.
- Məgər bu məsələlərin hamısını Bakı şəhərinin namizədliyini irəli sürərkən bilmirdiniz? Belə çıxmırmı ki, iddiaçı qismində çıxış etmək yalnız paytaxtımızın beynəlxalq aləmdə reklamına, təbliğatına hesablanmış bir addım olub?
- Biz bu nüansların hamısını bilirdik. Amma bir şeyi də nəzərə almaq lazımdır ki, ilk dəfə 2016 yox, 2020 və ya 2024-cü il Olimpiadalarına da namizədliyimizi irəli sürsəydik, eyni hallarla üzləşəcəkdik. Məsələn, 2012-ci il Olimpiadasına da namizədliyimizi versəydik, artıq 2016-cı il Olimpiya Oyunlarına iddia edərkən, heç kim bizə deməyəcəkdi ki, yeni iddiaçısınız. Bizim təcrübəmiz olacaqdı. Bu baxımdan, 2020-ci il Olimpiadasına namizədliyimizi verdikdə, bizə daha böyük hörmətlə yanaşacaqlar.
- Deyirsiniz ki, Bakının namizədliyi ikinci mərhələyə keçsə, idman qurğularının tikintisinə başlanılacaq. Belə çıxmırmı ki, əks halda, heç bir böyük idman obyekti tikilməyəcək?
- Bakı şəhəri ikinci mərhələyə keçsə də, keçməsə də biz müəyyən işləri görəcəyik. Ölkə prezidentinin göstərişi ilə biz bu yaxınlarda böyük stadionun, üzgüçülük kompleksinin tikintisinə başlayacağıq. Yəni, bu işlər onsuz da görüləcək. Düzdür, Olimpiada uğrunda mübarizənin reklam tərəfi də var idi. Amma müəyyən təcrübə toplamaq baxımından da böyük əhəmiyyət daşıyırdı. Siz elə düşünürsünüz ki, iddiaçı şəhər olmaq missiyası namizədliyi irəli sürməklə başa çatır? Sifariş Kitablarını hazırlamaq üçün şəhərin bütün infrastrukturları, müəssisə və təşkilatları məlumatlar verirdilər. İndiyədək olmayan məlumatları müvafiq strukturlardan xahiş edərək, toplamışıq. Nəticədə böyük yarışlar keçirmək üçün lazımi təcrübə toplamışıq. İndi təkcə Olimpiada deyil, Yeniyetmələrin Yay Olimpiya Oyunları, Avropa Gənclərinin Olimpiya Festivalı, Qaradəniz İdman Oyunları kimi kompleks yarışlar təşkil etmək üçün elan olunacaq tenderlərə qatılmağa hazırıq. Çünki biz Olimpiya Oyunları kimi nəhəng tədbirin sifarişçisi olmuşuq. Burada iştirak etmək bizim üçün böyük məktəb oldu. İyunda ikinci mərhələyə keçəcək şəhərlərin adları bilinərkən, Bakı finalçılar sırasına düşsə, Olimpiada təşkilatçılığı uğrunda fəaliyyətimizi davam etdirəcəyik. Əks halda, Milli Olimpiya Komitəsi, müvafiq strukturlar və ölkə prezidenti səviyyəsində məsləhətləşmələrdən sonra yeni idman tədbirinin təşkili uğrunda mübarizəyə qoşulacağıq.
- Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqqe Bakıda olarkən bəyan etdi ki, ardıcıl iki Olimpiadanın Avropa şəhərlərində təşkilinə heç bir maneə yaradılmayacaq. Sizcə, bu, doğrudanmı belədir?
- Bilirsiniz, ənənə var. 2012-ci il London Olimpiadasından sonra növbəti Olimpiya Oyunlarının Avropada keçirilməsinin, Çikaqo kimi bir şəhərlə, ABŞ-la mübarizə aparmağın çox çətin olduğunu hamı başa düşür. Amma nəinki Bakı, hətta Madrid kimi böyük şəhər mübarizə aparmaqdan çəkinmir. Baxmayaraq ki, ikinci mərhələyə keçmək şansı çox olsa da, 2016-cı il Olimpiadası uğrunda qələbə qazanmaq imkanları faktiki, xeyli azdır. Portuqaliyanın paytaxtı Lissabon dəfələrlə Olimpiada keçirmək üçün namizədliyini irəli sürüb. Moskva 2010-cü il Yeniyetmələr Olimpiadası uğrunda mübarizədə Sinqapura uduzdu. Nyu-York 2012-ci il Olimpiadasına namizədliyini vermiş, hətta ikinci mərhələyə də keçmişdi, Sonrası nə oldu? Olimpiya Oyunları elə bir tədbirdir ki, ona hətta iddiaçı olmaq belə böyük işdir.
- Ona qalsa, Bakıdan xeyli kiçik olan Doha da Olimpiadaya iddia edir…
- Dohaya zarafatla yanaşmayın. Orada Yay Olimpiadasından sonra həcminə görə ikinci tədbir olan Asiya Oyunlarını keçirib.
- Azərbaycan idmançılarının indiyədək Pekin Olimpiadasına qazandıqları lisenziyalar sizi qane edirmi?
- Ümumiyyətlə, idmanda lisenziya anlayışı yoxdur. Bu anlayışa bizdə lisenziya, Gürcüstanda kvalifikasiya, Ermənistanda isə reytinq deyirlər. Əslində isə söhbət Olimpiadada neçə iştirakçının olacağından gedir. Hər bir beynəlxalq federasiya cavabdeh olduğu növdə Olimpiadada təmsil olunanmaq hüququ qazananlara müxtəlif adlarda dəvətlər göndərir. Bir federasiya bunun adını lisenziya, digəri vayld-kart, bir başqası isə qrin-kart qoyur. Amma Beynəlxalq Olimpiya Komitəsi bu vəsiqələr üçün ümumi ad müəyyənləşdirməyib. Hər bir beynəlxalq federasiya Beynəlxalq Olimpiya Komitəsi ilə razılığa əsasən, müəyyən kvotalar müəyyənləşdirir. Bu kvotalar idmançılar arasında müxtəlif növlərdə fərqli qaydada – dünya çempionatı, Avropa çempionatı, turnirlər, reytinqlər yolu ilə bölüşdürülür. Bütün yerlərin sahibləri müəyyənləşdikdən sonra Beynəlxalq Olimpiya Komitəsi, Milli Olimpiya Komitələri Assosiasiyası və Beynəlxalq Federasiyadan ibarət üçtərəfli komissiya çox az miqdarda yer saxlayır. Həmin yerlər az inkişaf etmiş etmiş və Olimpiadaya heç bir idmançısı vəsiqə qazana bilməyən ölkələrə verilir. Məsələn, Beynəlxalq Üzgüçülük və Atletika Federasiyaları belə qayda müəyyənləşdiriblər ki, Beynəlxalq Olimpiya Komitəsi ilə əlaqəsi olmadan hər ölkəyə bir kişi və bir qadın idmançı ilə təmsil olunmaq imkanı yaradılır. Ona görə də hər bir Olimpiadada üzgüçülük növündə bu imkandan yararlanırıq. Atletikadan iki idmançımız Pekində təmsil olunmaq hüququ qazanmasaydı, bir kişi və bir qadın idmançımıza dəvət gələcəkdi. Qaldı ki, indiyədək 38 idmançımız Olimpiadada iştirak hüququna yiyələnib. Hələ güləş, atçılıq və atletika növlərində də Pekinə vəsiqələr gözləyirik.
- Əgər məsələ bunda idisə, Gənclər və İdman Nazirliyi qrup hərəkətləri üzrə yığmamızın ötən ilin sentyabrında 1, noyabrın sonlarında isə 6 lisenziya qazandığını bildirirdi?
- Bunu nazirlik də, nazirlikdə işləyənlər də bilmirlər. Olimpiya Oyunları ilə Gənclər və İdman Nazirliyi yox, Milli Olimpiya Komitəsi məşğul olur. Gəlin Milli Olimpiya Komitəsindən soruşun. Mən sizə rəsmən deyirəm: qayda-qanun budur.
0