Elnur Məmmədli yenə dünyanın ən güclü cüdoçusudur
21.04.2008 - 13:35
Elnur Məmmədli yenə dünyanın ən güclü cüdoçusudur
Dopinq-testdə ilişdiyindən son bir ildə rəsmi yarışlara qatılmayan Nicat Şıxəlizadə (60 kq) 77 xalla 14-cü yerdədir. 66 kq çəki dərəcəsində mübarizə aparan Ramil Qasımovla Elçin İsmayılovun mövqeləri arasında kəskin fərq var. Artıq Pekin olimpiadasına lisenziya qazanmış R.Qasımov 65 xal toplayaraq, 16-cı sıraya sahib çıxıb. Dördqat Avropa çempionu E.İsmayılovun aktivində isə cəmi 11 xal var. 26 yaşlı idmançı hazırda reytinq cədvəlinin 61-ci pilləsində yer alıb. Cüdoçularımızdan ən yaxşı nəticə Elnur Məmmədliyə (73 kq) məxsusdur. Avropa çempionatında uğursuzluq yaşamasına baxmayaraq, həmyerlimiz 205 xalla zirvədə qərarlaşıb. E.Məmmədli hətta ötən il dünya çempionatının finalında uduzduğu koreyalı Ki Çun Vanqı 5 xal üstələyir. Aktivində 70 xal olan Mehman Əzizov (81 kq) 18-ci yeri tutur. Eyni çəki dərəcəsinə malik Elxan Rəcəbli komanda yoldaşından 1 xal az yığdığı üçün 19-cu sıradadır. Avropa çempionatının gümüş mükafatçısı Elxan Məmmədov 85 xalla ilk “onluğ”u tamamlayır. 100 kq çəki dərəcəsində qüvvəsini sınayan Mövlud Mirəliyev isə 82 xalla 13-cü pillədir. Həmçinin, qadın cüdoçularımızın da adları reytinq cədvəlinə düşüb. Qitə birinciliyinin gümüş və bürünc medalçısı Kifayət Qasımova (57 kq) öz çəkisində dünyanın 4-cü idmançısı hesab olunur. Ramilə Usubova isə 44-cü yerlə kifayətlənib. Onun hesabında 17 xal var.
Qeyd edək ki, reytinq cədvəli cüdoçuların 2007-ci ildən indiyədək dünya və qitə çempionatlarında, Dünya Kuboklarında göstərdikləri dörd ən yaxşı nəticəyə əsasən müəyyənləşib. Həftə sonu keçiriləcək Asiya çempionatından sonra siyahıda dəyişikliklər olacağı istisna deyil.


0