Azərbaycan yığması Rusiya ilə birgə toplanış keçəcək
22.04.2008 - 14:53
Bakı. Elşən Məmmədov-APA-Sport. Azərbaycanın sərbəst güləş üzrə milli komandası Rusiya yığması ilə birgə təlim-məşq toplantısı keçəcək. Bu haqda «APA-Sport» agentliyinə Azərbaycan Güləş Federasiyasında (AGF) milli komandaların rəisi Yaqub Məmmədov məlumat verib. Onun sözlərinə görə, güləşçilərimiz mayın 14-də Rusiyanın Şimali Osetiya Respublikasının paytaxtı Vladiqafqaza yollanacaqlar. Pəhləvanlarımız 15 gün ərzində Rusiya yığma komandasının üzvləri ilə birgə hazırlıq prosesi keçəcəklər. Y.Məmmədov bildirib ki, toplanış AGF və Rusiya İdman Güləşi Federasiyaları arasında əldə olunmuş razılığa əsasən baş tutacaq: “Rusiyanın sərbəst güləş yığmasının üzvlərindən əksəriyyəti osetiyalılardır. Onlar həmin vaxt Vladiqafqazda Rusiya çempionatı, Bakıda mərhum prezident Heydər Əliyevin xatirəsinə “Qızıl Qran Pri” turnirinin finalı və 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına hazırlıq prosesi keçəcəklər. Fikrimcə, Rusiyalı güləşçilərlə birgə təlim-məşq toplantısı komandamız üçün xeyli faydalı olacaq”.
0
0