Namiq Abdullayev Mahaçqalaya təlim-məşq toplantısına yollanmaqdan imtina edib
23.04.2008 - 11:53
Bakı. Elşən Məmmədov-APA-Sport. Olimpiya çempionu Namiq Abdullayev sərbəst güləş üzrə Azərbaycan milli komandasının Rusiyanın Mahaçqala şəhərində keçirəcəyi təlim-məşq toplantısına aparılmayacaq. Bu haqda “APA-Sport” agentliyinə yığmamızın baş məşqçisi Maqomedxan Aratsilov məlumat verib. Onun sözlərinə görə, aprelin 25-də başlanacaq hazırlıq prosesinə qatılacaq heyətdə yer almamasını N.Abdullayevin özü xahiş edib: “Abdullayev Bakıda qalaraq, fərdi proqramla hazırlaşmaq istədiyini bildirdi. Biz də məşqçilər heyəti ilə məsləhətləşmələrdən sonra onun xahişini nəzərə aldıq. Namiq təcrübəli, daim öz üzərində işləyən idmançıdır. İnanıram ki, toplanışa yollanacaq heyətdən kənarda qalması onun hazırlıq səviyyəsinə mənfi təsir göstərməyəcək”. Mahaçqalaya 15 pəhləvanla yola düşəcəyini bildirən M.Aratsilov iki həftə ərzində Dağıstan güləşçiləri ilə birgə məşq edəcəklərini xatırladıb. O, toplanışın sonunda - 9-11 mayda Mahaçqalada Əli Əliyevin xatirəsinə beynəlxalq turnirə qatılacaqlarını söyləyib: “Bizə turnirdə bir komanda ilə təmsil olunmaq barədə dəvət gəlib. Amma mən bütün güləşçilərimizi sınaqdan çıxarmaq istəyirəm. Bu məqsədlə təşkilatçılardan öz hesabımıza yarışlarda təmsil olunmağımızı xahiş edəcəyik”.
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib
- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçiriləcək
0
0