İradə Aşumovaya lisenziya verilməsi üçün Beynəlxalq Atıcılıq İdmanı Federasiyasına yenə müraciət olunacaq
23.04.2008 - 12:28
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycanın güllə atıcısı İradə Aşumovanın Pekində keçiriləcək XXIX Yay Olimpiya Oyunlarında iştirak etməsi üçün Beynəlxalq Atıcılıq İdmanı Federasiyasına (İSSF) yenə müraciət olunacaq. Bu barədə “APA-Sport” agentliyinə Azərbaycan milli komandasının baş məşqçisi Vladimir Lunyov məlumat verib. Onun sözlərinə görə, anlaşılmazlıq üzündən İSSF tərəfindən İ.Aşumovaya deyil, yalnız stend atıcısı Zemfira Meftahəddinovaya Pekin olimpiadasında iştirak hüququ verilib: “Bir müddət əvvəl Milli Olimpiya Komitəsi İSSF-ə məktub hazırlayarkən, beynəlxalq federasiyadan universal kart istəməyimizin vacibliyini bildirmişdim. Çünki universal kart ötən illərdə yüksək nəticələr göstərmiş həm Aşumovanın, həm də Meftahəddinovanın Yay Olimpiya Oyunlarında çıxış etməsinə imkan yaradacaqdı. Ancaq qeyri-müəyyən səbəbdən məktubda bu amil qeyd olunmadı. Nəticədə İSSF Azərbaycana “wild-card” təqdim etdi ki, bunun da sayəsində ancaq Zemfira xanımın olimpiadaya qatılması mümkündür”. V.Lunyov növbəti məktubda İSSF-dən universal kart istəniləcəyini vurğulayıb: “Azərbaycan Atıcılıq İdmanı Federasiyası adından məktubu tezliklə İSSF-yə göndərəcəyik. İnanırıq ki, anlaşılmazlıq aradan götürüləcək və universal kart sayəsində hər iki idmançımız - Meftahəddinova ilə yanaşı, Aşumova da olimpiadaya yollanacaq”.
0
0