Azərbaycan avarçəkənləri beynəlxalq “Kiyev reqatası”ndan bir bürünc medalla qayıdırlar
26.05.2008 - 11:44
Azərbaycan avarçəkənləri beynəlxalq “Kiyev reqatası”ndan bir bürünc medalla qayıdırlar
Kiyev. Elşən Məmmədov-APA-Sport. Ukraynanın paytaxtı Kiyevdə keçirilən yeniyetmələr arasında akademik avarçəkmə üzrə ənənəvi beynəlxalq turnirə yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, “Kiyev reqatası” adlı turnirdə Ukrayna, Belarus və Moldova idmançıları ilə yanaşı, ilk dəfə Azərbaycan avarçəkənləri də mübarizə aparıblar. Baş məşqçi Samir Məmmədov və məşqçi Aleksandr Barabanovun rəhbərliyi altında çıxış edən 7 idmançımız bir, iki və dörd nəfərlik qayıqlarda qüvvələrini sınayıblar. 6 kateqoriyada final mərhələsinə adlamağı bacaran yığmamızın üzvləri bir bürünc medala sahib çıxıblar. Həmin medalı 2 nəfərlik sükansız (təkavarlı) qayıqlarda Aleksandr Qlotov – Timur Kutseba dueti qazanıb. Bu cütlük 2000 metr məsafəni 7 dəqiqə 42 saniyə 10 mikrosaniyəyə (7.42.10 dəq.) qət edib. Ən perspektivli idmançımız Cavid Əfəndiyev isə bir nəfərlik qayıqda finişə 8.16.54 dəqiqəyə çataraq, 33 avarçəkən arasında IV olub. 2 nəfərlik sükanlı qayıqlarda Əbdülrəşid Mustafin – Aleksandr Jdanov 7.44.41 dəqiqə, 4 nəfərlik sükanlı qayıqlarda isə Cavid Əfəndiyev, Əbdülrəşid Mustafin və daha iki moldovalı idmançı 7.18.99 dəqiqə nəticə göstərərək, 5-ci yeri tutublar. 4 nəfərlik sükansız qayıqlarda Kamran Yusubov – Fərman Əliyev – Timur Kutseba – Aleksandr Qlotov kvarteti 7.30.79 dəqiqə nəticə ilə 6-cı, 2 nəfərlik sükansız qayıqlarda isə Kamran Yusubov – Fərman Əliyev dueti 8.03.92 dəqiqə göstərici ilə 7-ci olublar.
Qeyd edək ki, turnir Kiyev günü münasibətilə mayın 7-dən 25-dək Ukrayna paytaxtında qeyd edilən bayram tədbirləri çərçivəsində baş tutub.
0