Badminton Federasiyasının baş katibi: “Dünya çempionatına qatılsaydıq, Pekin Olimpiadasına güzəştli kart ala bilərdik”
27.05.2008 - 13:31
Bakı. Elşən Məmmədov-APA-Sport. Ötən il Malayziyada keçirilən dünya çempionatında iştirak etsəydik, 2008-ci il Pekin Yay Olimpiya Oyunları güzəştli kartla qatıla bilərdik”. Bunu “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycan Badminton Federasiyasının baş katibi Mirzə Orucov deyib. Onun sözlərinə görə, beynəlxalq turnirlərdə iştirak yığma komandamız üçün bir neçə səbəbdən önəmlidir: “İlk növbədə, böyük təcrübə toplayırıq. Təsəvvür edin, əvvəllər yalnız İranda keçirilən beynəlxalq turnirə qatılırdıqsa, son bir ayda Hollandiya və İspaniyada təşkil olunan nüfuzlu yarışlarda qüvvəmizi sınamışıq. Artıq idmançılarımız rəqiblərinə müqavimət göstərirlər, “quru hesablarla” uduzmurlar. Digər tərəfdən, Ümumdünya Badminton Federasiyası Beynəlxalq Üzgüçülük Federasiyası kimi, dünya çempionatlarına daim qatılan ölkələrə “vayld-kart”la Yay Olimpiya Oyunlarında iştirak hüququ verir. Bunu son iki beynəlxalq turnirdə olarkən, avropalı nümayəndələrdən öyrəndim. Sadəcə, əvvəllər müxtəlif obyektiv və subyektiv səbəblərdən səviyyəli yarışlara yollana bilmirdik”. M.Orucov, həmçinin 2009-cu ildən dünya çempionatlarına qatılacaqlarını vurğulayıb.
0
0