Azərbaycan yığma komandaları “Qızıl Qran-Pri” turnirinin finalında hər çəkidə iki güləşçi ilə təmsil olunacaq
29.05.2008 - 16:40
Bakı. Elşən Məmmədov-APA-Sport. İyunun 27-də Bakı İdman Sarayında start götürəcək sərbəst, yunan-Roma və qadın güləşi üzrə “Qızıl Qran-Pri” turnirinin finalında Azərbaycan hər çəki dərəcəsində iki pəhləvanla təmsil olunmaq imkanı qazanıb. Bu haqda “APA-Sport” agentliyinə Güləş Federasiyasında milli komandaların rəisi Yaqub Məmmədov məlumat verib. Onun sözlərinə görə, Beynəlxalq Güləş Federasiyaları Assosiasiyası təşkilatçı ölkəyə “Qızıl Qran-Pri” turnirinin finalında hər çəkidə iki idmançısını sınamaq hüququ verir: “Yəni, güləşçilərimizin hər növ üzrə bu il keçirilən “Qızıl Qran-Pri” turnirlərində göstərdikləri nəticələrdən asılı olmayaraq, yığma komandalarımızın baş məşqçiləri istənilən çəkidə iki pəhləvanın xidmətindən yararlana bilər. Bu isə Pekin Olimpiadasına hazırlıq öncəsi güləşçilərimizin nəyə qadir olduqlarını üzə çıxarmaq baxımından bizim üçün çox önəmlidir”. Lakin Y.Məmmədov sərbəst və yunan-Romadan fərqli, qadın güləşində hər çəkidə iki idmançını sınamaq imkanlarının olmadığını etiraf edib. O, bildirib ki, cəmi ilyarım öncə yaradıldığından, qadın güləşi yığmamızda hələ ehtiyat qüvvə tam formalaşmayıb.
Qeyd edək ki, Azərbaycan güləşçiləri ilə yanaşı, sərbəst və qadın güləşi növlərində 25 – 27 yanvarda Rusiyanın Krasnoyarsk, 9-10 fevralda Türkiyənin paytaxtı Ankara, yunan-Roma güləşində isə 26-27 yanvarda Türkiyənin İstanbul və 1-2 martda Macarıstanın Sombateli şəhərlərində keçirilmiş “Qızıl Qran-Pri” turnirlərinin mərhələ yarışlarında hər çəkidə ilk “8-liy”ə düşən idmançılar mübarizə aparacaqlar.

0
0