“Araz-Naxçıvan”ın legioneri: "Azərbaycanda özümü ikinci vətənimdə kimi hiss edirəm" - Müsahibə
28.10.2024 - 16:42
“Araz-Naxçıvan”ın legioneri: "Azərbaycanda özümü ikinci vətənimdə kimi hiss edirəm" - Müsahibə

“Araz-Naxçıvan”ın legioneri Sezar Meza Kolli apasport.az saytına müsahibə verib. Paraqvaylı yarımmüdafiəçi Naxçıvan klubunun Premyer Liqanın 11-ci turundakı “Zirə” ilə oyunundan danışıb. 

- “Araz-Naxçıvan” son turda “Zirə” ilə bərabərə qaldı. Matçı özünüz üçün necə dəyərləndirirsən?
- Çox yaxşı oyun alındı. Komandamız əsl xarakter göstərdi. Hər kəsin zəhməti var. Buna görə də hamımızı təbrik edirəm. İşləməyə davam etmək üçün hələ çox yol var. Məşqlərimizə davam edirik. Şadam ki, məğlubiyyətdən qaça bildik.

- Son dəqiqələrdə "Araz-Naxçıvan" penalti qazandı. Həmin anı necə şərh edərdin?
- Bəli, həmin epizodu çox yaxından gördüm. Təbii ki, açıq-aşkar şəkildə penalti idi. Komanda sona qədər çalışdı və bərabərliyə nail ola bildik. Burada da əsl xarakter öz rolunu oynadı. Ona görə deyirəm ki, komandamız xarakter göstərdi.

- Ötən mövsümü “Zirə”də keçirmişdin. Oyundan öncə və ya sonra Rəşad Sadıqovla, "Zirə"dəki sabiq komanda yoldaşlarınla görüşdün?
- Əlbəttə ki, əla məşqçi və çox yaxşı insan olan Rəşad Sadıqovu salamlamaq üçün ona yaxınlaşdım. Onunla bir neçə ay işləmişdim. Bir yerdə ola bildiyimiz hər zaman üçün ona təşəkkür etdim. Keçmiş komanda yoldaşlarımla da görüşdüm. Xoş oldu.

- Komandanı qarşıda ölkə kubokunun 2-ci təsnifat mərhələsində İkinci Liqa təmsilçisi olan “Şahdağ-Qusar”la oyun gözləyir...
- Bəli, bu oyuna hazırlaşırıq. Təbii ki, meydana çıxdığımız istənilən görüşdə qələbə qazanmaq istəyirik. Rəqibimizin də yaxşı komanda olduğunu bilirik və onlara ciddi yanaşırıq. Hər halda, məqsədimiz mərhələ adlamaqdır və bunun üçün çalışacağıq.

- "Araz-Naxçıvan"da əsas məqsədin nədən ibarətdir? Səncə, "Araz-Naxçıvan" avrokuboklara vəsiqə qazana biləcəksən?
- Bizim kollektivdə əla atmosfer var. Komanda yoldaşlarımın da əla oyunçular olduğunu bilirəm. Mövsümün sonunda hədəflərə çatmaq istəyirik. İnanıram ki, biz matçlarda uğurlu nəticə qazanaraq istədiyimiz hədəfə çatacağıq.

- “Araz-Naxçıvan" sənin Azərbaycandakı 5-ci komandandır. Azərbaycanda oynamaq sənə çox rahatdır deyə, hər dəfə qayıtmaq sənin üçün problem olmur?
- Azərbaycanda özümü ikinci vətənimdə kimi hiss edirəm. Şükür Allaha yenidən bura qayıtdım. Hər şey də qaydasındadır.

- Bəs, bir komandada uzun müddət qalmamağın nə ilə bağlıdır? Heç olmasa, "Araz-Naxçıvan"da uzun illər qalmağı planlaşdırırsan?
- “Araz-Naxçıvan”a gəlmək qərarı verdiyim üçün şadam, seçimimdən məmnunam. Hazırda qarşıdakı matç haqda düşünürəm. Mən işləməyə və komandaya kömək etməyə davam etdiyim halda gələcəyə Allah qərar verəcək. Ümidvaram ki, “Araz-Naxçıvan”da hər şey uğurlu olacaq.

0