Ayxan Abbasov: “VAR olduğuna görə, belə epizodlar bağışlanmamalıdır” - MÜSAHİBƏ
30.10.2024 - 19:26
Ayxan Abbasov: “VAR olduğuna görə, belə epizodlar bağışlanmamalıdır” - MÜSAHİBƏ

Azərbaycan kubokunun II təsnifat mərhələsinin “Şamaxı” - “Şəmkir” matçından (6:1) sonra meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov apasport.az saytına müsahibə verib.

- Oyunla bağlı fikirləriniz… Komandanın çıxışından razı qaldız?
- II Liqa komandasına qarşı oynayırdıq. Bilirdik ki, onlar üçün çətin olacaq. Premyer Liqa klubu ilə qarşılaşmaq onlar üçün əlavə stimuldur. Gənc və forma şansı qazanmayan futbolçularımız bu gün meydanda oldu. Çoxdandır ki, onların çıxışını görmək istəyirdik. Əsas heyətdən yalnız 2 oyunçu dəvət etmişdik. 

- İkinci hissədə sanki, nədənsə narazı idiz…
- 1-2 epizod var idi ki, futbolçumuz oyundankənar vəziyyətdə deyildi, arxadan qaçmışdı. Yan xətt hakimi bu epizodları görmədi. 

- Həm ölkə çempionatında, həm də kubokda növbəti rəqibiniz “Zirə”dir. Rəqib barədə nə düşünürsüz?
- “Zirə” bu il ən yaxşı komandalardandır. Rəşad Sadıqov möhkəm kollektiv formalaşdırıb, avrokubokları hədəfləyirlər. Bizim üçün iki cəbhədə vuruşmaq çətin olacaq. Gücümüzün çatdığı yerə qədər mübarizə aparacağıq. Hazırda önəmli olan çempionat görüşüdür. Çünki kubok matçına qədər hələ vaxt var.

- Seçim qarşısında qalsaz, gücü hansı cəbhəyə yönəldəcəksiz, kuboka, yoxsa çempionata?
- Hər iki cəbhədə oynayacağıq. “Şamaxı” olaraq bu mövsüm qarşımıza böyük hədəflər qoymamışıq ki, kuboku qazanmalıyıq və ya avrokuboklara yollanmalıyıq. Futbolçularımız üçün hər oyun ayrı önəm daşıyır. Meydanda mübarizə aparacağıq.

- Hakimlər Komitəsinin sədri Frank De Bleker “Qarabağ”la matçda qapınıza təyin olunan penalti epizodunu şərh edib. O, qərarın yanlış olduğunu vurğulayıb…
- Bəlkə də belə qərarlar olması daha yaxşıdır. Çünki belə hallar yaşandıqca daha da məsuliyyətli olurlar. Hakimlər də insandır, onlar da səhvsiz deyil. Lakin matçda VAR olduğuna görə, belə epizodlar bağışlanmamalıdır. Belə olan halda, VAR hakimi əsas günahkardır. Referi toxunuşu görməyə bilər, amma VAR müdaxilə etməlidir. Etmirsə, artıq bu, sual doğurur. Hakimlər Komitəsi sədrinin belə açıqlama verməsi onu göstərir ki, gördükləri işdə şəffaflıq var və belə səhvlər gələcəkdə təkrarlanmayacaq.

İsmayıl Xeyrullayev

0