“Qarabağ”ın sabiq baş məşqçisi Böyükağa Ağayev apasport.az saytına açıqlama verib.
O, Ağdam klubunun Avropa Liqasının 4-cü turunda “Bodo-Qlimt” üzərində qazandığı qələbəni şərh edib. Təcrübəli mütəxəssis Azərbaycan çempionunun qarşıdakı turlarda da qələbə qazanmaq şansının az olmadığını bildirib:
“Təbii ki, Norveçdəki görüş çox çətin keçəcəkdi. Bunu hamımız bilirdik. Çünki “Bodo-Qlimt” çox yaxşı komanda idi. Evdə də çox yaxşı oynayırdı. “Qarabağ” çətin səfərdən qələbə ilə ayrılmağı bacardı. Çox ağır alındığını hamımız gördük. Təbrik edirəm və şadam ki, “Qarabağ” qalib gəldi. Oradakı qələbədən sonra təbii ki, özünəinam daha da artacaq. “Qarabağ”ı qarşıda da çətin matçlar gözləyir. Amma komandamız yenə də uğurlu nəticələr qazana bilər. Çətin olacaq. Ancaq mümkünsüz də deyil. Ümidvaram ki, “Qarabağ” uğurlu nəticələrə davam edəcək və pley-off mərhələsinə düşəcək”.
Qeyd edək ki, Qurban Qurbanovun yetirmələri Liqa mərhələsinin IV turunda “Bodo-Qlimt”lə qarşılaşıb. 2 qol vuran təmsilçimiz qapısında 1 top görüb. Bununla da, "Qarabağ" Avropa Liqasında mövsümdə ilk qələbəsini qazanıb.