Conatan Benteke: "Qollarımı Premyer Liqada da davam etdirmək istəyirəm" - MÜSAHİBƏ
30.10.2024 - 23:51
Conatan Benteke: "Qollarımı Premyer Liqada da davam etdirmək istəyirəm" - MÜSAHİBƏ

Azərbaycan kubokunun II təsnifat mərhələsinin "Şamaxı" - "Şəmkir" matçından (6:1) sonra meydan sahiblərinin hücumçusu Conatan Benteke apasport.az saytına müsahibə verib.

- Kubokda ilk qələbənizi qazandınız. Oyununuzdan razı qaldın?
- Azərbaycan kubokunda ilk matçımıza çıxdıq. Görüşə tam hazır idik. Bizim üçün yaxşı oyun oldu. Müəyyən taktikaları sınaqdan keçirdik. Matçboyu hərəkətdə olduq. Bütün qarşılaşmalara bu istəklə çıxmalıyıq.

- Bu gün "Şamaxı"nın qələbəsinə 2 qolla töhfə verdin...
- Hücumçuyam, işim qol vurmaqdır. Bu gün iki dəfə fərqləndiyim üçün xoşbəxtəm. Ümid edirəm ki, qarşıdakı matçlarda da komandama kömək edə biləcəm. Qollarımı Premyer Liqada da davam etdirmək istəyirəm. 

- Növbəti rəqibiniz "Zirə" olacaq. Rəqibi necə qiymətləndirirsən?
- "Zirə" yaxşı komandadır. Hətta deyərdim ki, Premyer Liqada bütün klublar güclüdür. Həmin görüşə də digər oyunlara olduğu kimi hazırlaşacağıq. Məqsədimiz qələbə qazanmaqdır. Xal ehtiyatımızı artırıb daha yuxarı pillələrə yüksəlmək istəyirik. 

- Artıq "Şamaxı"ya adaptasiya prosesini geridə qoymusan? Şamaxıda boş zamanlarında nə edirsən?
- Bura yetərincə uyğunlaşdığımı düşünürəm. Komanda yoldaşlarımla aram çox yaxşıdır. Demək olar ki, artıq hansısa çətinliyim qalmayıb. Yalnız qol vurmaq və komandamı qələbələrə daşımaq barədə düşünürəm. İş üçün burdayam. Boş zamanlarımda dincəlirəm, ailəmlə danışıram. Vaxtımı əsasən məşqlərdə keçirirəm. Hər zaman formada qalmaq niyyətindəyəm.

İsmayıl Xeyrullayev

0