Elmar Baxşıyev: "Ehtiyat qüvvədən maksimum istifadə etməyə çalışdıq"
30.10.2024 - 13:08
Elmar Baxşıyev: "Ehtiyat qüvvədən maksimum istifadə etməyə çalışdıq"

On gün ərzində 3 çempionat matçı keçirməliyik. Buna görə də ehtiyat qüvvədən maksimum istifadə etməyə çalışdıq.

Apasport.az xəbər verir ki, bunu Azərbaycan Kubokunun II təsnifat mərhələsində "Şahdağ Qusar"ı məğlub edən (4:0) "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis Premyer Liqa oyunlarında az və ya heç şans vermədikləri futbolçularla meydana çıxdıqlarını söyləyib:

"Çünki qarşıda sıx oyun qrafikimiz var. Onlar da ümidləri doğrultdular. Həm oyun planında verdiyimiz tapşırıqları yerinə yetirməyə çalışdılar, həm də komandanı qarşıya qoyulan məqsədə doğru apardılar. Buna görə futbolçuları təbrik edirəm. Rəqibimiz də hesaba baxmayaraq, sona qədər mübarizə apardı. Elnur Abdullayevi də yaxşı komanda formalaşdırdığına görə təbrik edirik. Onlara da qarşıdakı oyunlarda uğurlar arzulayırıq”.

Qeyd edək ki, Naxçıvan təmsilçisi 1/8 finalda "Mingəçevir" - "Zaqatala" duelinin güclüsü ilə qarşılaşacaq.

0