Misli Premyer Liqasının XV turunun "Araz-Naxçıvan" - "Turan Tovuz" matçından sonra meydan sahiblərinin baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.
"Ağır oyun alındı. Bilirdik ki, kimə qarşı oynayacağıq. "Turan Tovuz" bu mövsüm iddialıdır, meydançada yaxşı işlər görür. Komandanı çətin oyuna hazırlamışdıq. Şükürlər olsun ki, istədiyimizə nail olduq. Yolumuza davam edirik".
- Xal fərqini bir az da artırdınız. Bir qədər rahatlıq olacaq?
- İlk turdan gərginlik yoxdur. İşimizi daha çox stressdən uzaq etməyə çalışırıq. Keyfiyyətli, təcrübəli komandamız var. Komandamız daha məzmunlu oynamağa çalışacaq.
- "Araz-Naxçıvan" I Liqada oynayanda baş məşqçi Əsgər Abdullayev idi. Azarkeşlər ona deyirdilər ki, 1:0 olsun, bizim olsun prinsipindən vaz keçin. Sizdə də belədir. Bu məqam sizi narahat etmirki?
- Jurnalistlərdə belə fikir formalaşıb ki, "Araz-Naxçıvan" həmin prizmadan yanaşır. Amma görürük ki, komanda hücumdadır. Hər oyunda 6-7 epizoda giririk, dəyərləndirmədə axsamalar var. Komanda şəklində məşqlərdə işlədiyimiz elementləri oyunda görürük. Qarşıdakı matçlarda hücum planında daha kreativ ola bilərik.
- Bazar günü Azərbaycan derbisi var - "Neftçi" - "Qarabağ" matçı. "Neftçi"nin xal almasını istəmirsiz?
- Daha çox öz komandamıza köklənmişik. Futbolçulara da deyirəm ki, daha çox özümzü düşünək.
- Bu mövsüm Kurban Berdiyevi artıq iki dəfə məğlub etmisiz. Təcrübəli mütəxəssisi məğlub etməyiniz sizin özünüzə məşqçi kimi özünəinam verir?
- Bu suala ikitərəfli yanaşmaq olar. Mən özüm futbolçulardan güc alıram. Məşq prosesində həmin enerjini komandadan alıram. Onlar mənə güc verirlər. Yanaşmaları, istəkləri ilə. Biz də qarşılıqlı şəkildə bunu onlara qaytarırıq.