Giorgi Kantariya: "Artıq uğursuz seriyaya son qoymalıyıq" - Müsahibə
26.11.2024 - 16:36
Giorgi Kantariya: "Artıq uğursuz seriyaya son qoymalıyıq" - Müsahibə

“Şamaxı”nın gürcü futbolçusu Giorgi Kantariya apasport.az saytına müsahibə verib.

- “Şamaxı” son turda “Sumqayıt”la bacarmadı və onlara məğlub oldu. Bu görüş haqda fikrin necədir? Səncə, niyə uduzdunuz?
- Çox yaxşı oyun alındı. Hər iki komanda meydana qələbə üçün çıxmışdı və qələbəyə də yaxın idi. Qol imkanlarımız az deyildi. Təəssüflər olsun ki, biz qol epizodlarımızdan yararlana bilmədik. “Sumqayıt” isə qol epizodlarından yararlandı. Sonda da əfsuslar olsun ki, uduzduq. Halbuki biz uduzmaq istəmirdik, ən azından xalsız qalmaq istəmirdik.

- “Sumqayıt”la matçdakı nəticənin ədalətli olduğunu düşünürsən, yoxsa ədalətli nəticə heç-heçə idi?
- Bilirdik ki, çox çətin oyun olacaq. Həftəiçi də ona görə hazırlaşmışdıq. Bəzi epizodlarda açığı bəxtimiz gətirmədi. Çünki qol olası epizodlarda sevinə bilmədik. 

- “Şamaxı” sonuncu dəfə qələbəni “Kəpəz”lə görüşdə əldə edib. O da 7-ci tura təsadüf edir. Niyə qələbə qazana bilmirsiz?
- Bilirsiz, istənilən komandada eniş yaşanır. Bu, tək “Şamaxı” ilə bağlı məsələlər deyil. Hər bir komandada bu cür proseslər baş verə bilər. Doğrudur, son matçlarda nəticələr istədiyimiz kimi deyil. Amma hər şey öz əlimizdədir. Maksimum çalışacağıq ki, vəziyyəti dəyişək. Ümidvaram ki, hər şey yaxşı alınacaq.

- “Şamaxı”nın gücü bitib? Premyer Liqanı tərk etmək təhlükəsini hiss edirsiz?
- Xeyr, “Şamaxı”nın gücü var və Premyer Liqada qalmaq gücündəyik. Çünki yaxşı və güclü kollektivimiz var. Çempionat çox uzundur, hələ oyunlar var. İndi bu haqda danışmağın yeri yoxdur. Bizim məqsədimiz hər oyuna qələbə üçün çıxıb, daha çox xal toplamaqdır. İnanıram ki, hər şeyi edəcəyik.

- Növbəti turdakı rəqibiniz sabiq komandan “Kəpəz”dir. Sonuncu dəfə qələbəni məhz həmin oyunda qazanmışdınız. Səncə, bu dəfə də onları məğlub edə bilərsiz?
- Məncə, çox ağır oyun olacaq. Olduqca da maraqlı matç bizi gözləyir. Artıq uğursuz seriyaya son qoymalı, qələbələr qazanmalıyıq. Bunun üçün hər şeyi etməliyik. Maksimum işləməliyik, meydanda hər şeyimizi verməliyik. Çünki başqa yolumuz yoxdur, yalnız qələbə qazanmalıyıq.

0