"Neftçi"nin sabiq üzvü: "Abasovu komandaya qaytarmaq yaxşı addım idi"
30.10.2024 - 17:58
"Neftçi"nin sabiq üzvü: "Abasovu komandaya qaytarmaq yaxşı addım idi"

"Neftçi"nin veteran futbolçusu Slavko Georgiyevski apasport.az saytına müsahibə verib.

- "Neftçi"də baş məşqçi dəyişikliyi baş verdi. Roman Qriqorçuk 9 oyun məğlubiyyətsizlik seriyasından sonra istefaya göndərildi. Bütün bunlar sənin üçün gözlənilən idi?
- Təbii ki, Qriqorçukun fəaliyyəti yaxşı deyildi. Ardıcıl 9 oyunda qalib gəlməmək sadəcə ayıbdır. Çünki söhbət "Neftçi" komandasından gedir. Düzünü deyim, "Neftçi"dən bu cür uğursuz nəticə gözləmirdim. Sonda da Roman Qriqorçuku postundan göndərdilər. 

- Baş məşqçi postuna Samir Abasov dəvət edilib. Səncə, doğru qərardır? Komandaya sonuncu dəfə çempionluq qazandıran odur...
- Bəli, "Neftçi"yə sonuncu çempionluğu elə Samir Abasov qazandırıb. Həmin mövsüm komandanın çıxışını da yaxşı xatırlayıram. Roman Qriqorçuku göndərdilər və yeni baş məşqçi dəvət etmək lazım idi. Hər halda, Samir Abasovu "Neftçi"nin baş məşqçi postuna dəvət etmək yaxşı addım idi. 

- Maraqlıdır ki, Samir Abasov vaxtilə çətin vəziyyətdə komandaya gəlmiş və mövsümün sonunda "Neftçi"ni çempion etmişdi. Səncə, yenidən bu cür olması mümkündür?
- Doğrudur, indi hər şey daha da çətin görünür. Hazırkı vəziyyət də onun üçün ağırdır. Allah qoysa, Abasov öncə yaxşı komanda yaradar. Əsas məsələ budur. Çünki indiki məqamda çempionluq uğrunda mübarizə, çempionluğu qazanmaq çox çətindir. Öncə yaxşı komanda qurulsun, sonrası daha yaxşı ola bilər.

- Samir Abasov baş məşqçi postuna gəldikdən sonra "Neftçi" "Səbail"i 3:1 məğlub etdi, "Sabah"la 0:0 oynadı. Səncə, yeni gələn baş məşqçi üçün yaxşı başlanğıcdır? Ümumiyyətlə, "Neftçi"nin oyununda hansısa dəyişiklik görürsüz? Sanki futbolçular daha inamlı mübarizə aparırlar...
- Təbii ki, başlanğıc yaxşı görünür. "Səbail" üzərində qalibiyyət, "Sabah"la səfərdə qələbə.. Yaxşı nəticələrdir. Allah qoysa, Samir Abasovun "Neftçi"dəki işləri yaxşı alınar və daha da yaxşı nəticələr görərik. Ümidvaram ki, "Neftçi" ilk 3-4 komanda arasında olacaq. Görək də, zaman hər şeyi göstərəcək.  Komandada dəyişiklik görünür. Bəli, futbolçularda inam daha da çoxdur. Sadəcə zaman lazımdır ki, hər şeyin daha yaxşı olacağını görək.

- "Neftçi" qarşıdakı 4 oyunu evdə oynayacaq. Bu oyunlardan neçə xal toplasanız uğurlu hesab etmək olar? 
- Təbii ki, evdəki 4 oyunda "Neftçi"nin 12 xal qazanmasını istəyərdim. Lakin bunun çətin olduğunu anlayıram. Elə evdəki 4 oyuna 10 xal qazanmaq da yaxşı nəticədir. Samir Abasov hər şeyi edəcək ki, "Neftçi" yenidən çempion olsun. Buna şübhəm yoxdur. Ancaq ona zaman lazımdır. Üstəlik, rəhbərlik tərəfindən inam və güvən də verilməlidir. Belədə, hər şey daha yaxşı ola bilər.

- "Neftçi"nin çempionluq uğrunda mübarizə aparması çətin görünür. Səncə, ölkə kubokunu qazanaraq mövsümü xilas etmək olar? Hər halda, kubokun qalibi Avropa Liqasına yollanır...
- Doğrudur, bu da yaxşı məqamdır. Allah qoysa, təki "Neftçi" ölkə kubokunu qazansın. Çünki başqa yolla avrokuboklara yollanmaq çətin görünür. Çünki "Neftçi" digər komandalardan çox geridədir. Bəli, liqa yeni başlayıb, sezon uzundur. Amma bu, istənilən halda, çətindir. Mən "Neftçi" haqda pozitiv düşünürəm. Allah qoysa, bu komanda avrokuboklara yollanacaq. Ölkə kubokunu qazanaraq bunu etmək daha yaxşı olardı.

0