Niderland çempionu: “Ayaks”la "Qarabağ" yerinə "Qəbələ" oynasaydı, matçı izləyərdim"
28.10.2024 - 15:08
Niderland çempionu: “Ayaks”la "Qarabağ" yerinə "Qəbələ" oynasaydı, matçı izləyərdim"

Vaxtilə “Qəbələ”nin formasını geyinmiş, PSV və “Feyenoord”un da sabiq üzvü Stev Olfers apasport.az saytına müsahibə verib. Niderland çempionu olmuş Olfers Avropa Liqasının “Qarabağ” – “Ayaks” görüşünü də dəyərləndirib.

- Hazırda nə işlə məşğul olursunuz?  
- Hazırda məşqçi kimi işləyirəm. Niderlandda “Telstar” klubunun U-21 komandasında köməkçi məşqçisiyəm. İşlərimiz yaxşı gedir.

- Niderlandın titullu klubu "Ayaks" Avropa Liqasında "Qarabağ"la üz-üzə gəldi. Həmin oyuna baxdın? Nəticə sənin üçün üçün sürpriz oldu?
- Düzünü deyim, nəticədən xəbərim oldu. Təbii ki, Niderland klubları və avrokuboklarda baş verənlərlə bağlı məlumatım var. Amma düzünü deyim, “Ayaks"ın “Qarabağ”la görüşünü canlı izləmədim. Çünki mən “Ayaks”ın azarkeşi deyiləm. Amma “Qəbələ” oynasaydı, mütləq oyuna baxardım.

- “Ayaks”ın Bakıda xal itirə biləcəyini düşünürdünüz? Yoxsa “Ayaks”ın mütləq qalib gələcəyinə inanırdız?
- Dəqiq bilirdim ki, “Ayaks” “Qarabağ”la görüşdə çətinlik çəkəcək. Çünki “Ayaks” çətin perioddan keçir. “Qarabağ”ın da uzun illərdir ki, avrokuboklarda oynadığını və təcrübə topladığını, üstəlik yaxşı komanda olduğunu bilirəm. Hər halda, “Qarabağ” bu görüşdə xal qazana bilərdi.

- Bu oyunda “Qarabağ” tərəfi baş hakimin qərarlarından narazı qaldı. Sizcə, baş hakimin “Ayaks”a simpatiyası var idi?
- Bu barədə bir söz deyə bilmərəm. Bu haqda deyəcəyim yeganə şey odur ki, bəzən hakimlər daha titullu klublara avantaj verirlər. 

- “Qarabağ” haqqında nə düşünürsünüz? Sizcə, bu komanda qarşıdakı matçlarda qalib gələ biləcək? Vaxtında “Qarabağ”a qarşı oynamısınız. Bu komandanın uzun illərdir, avrokubokların qrup mərhələsində çıxış etməsini necə şərh edərdiniz?
- Bəli, “Qarabağ”a qarşı oyunları xatırlayıram. Amma o dönəmdən çox vaxt keçib. Onda da çox çətin oyunlar alınırdı. “Qarabağ”ın avrokuboklarda daimi olaraq iştirak etməsi yaxşı haldır. Bu yolla oyunçular daha yaxşı və daha sürətli inkişaf edirlər. Başqa ölkələrdə fərqli futbol oynayan fərqli rəqiblərlə qarşılaşdıqları üçün böyük təcrübə qazanırlar. “Qarabağ” bu mənada daha təcrübəlidir.

- Yeri gəlmişkən, “Qəbələ” hazırda Birinci Liqada mübarizə aparır. Bunu necə şərh edərdiniz?
- Təbii ki, "Qəbələ"nin əvvəlki səviyyədə oynamaması çox üzücüdür. Ümid edirəm ki, tezliklə yenidən Premyer Liqaya yüksələcəklər. Mən, əlbəttə ki, klubun və Azərbaycan futbolunun yüksək səviyyəyə çatmasına kömək etmək istərdim. Gələcəkdə bunu etmək olacaq, ya yox zaman göstərəcək.

0