“Qarabağ”ın hücumçusu Juninyonun “Srvena Zvezda”nın transfer siyahısında yer alması barədə xəbər vermişdik.
Apasport.az saytına verilən məlumata görə, hazırda Çempionlar Liqasında mübarizə aparan Serbiya nəhəngi Ağdam klubunun braziliyalı forvardını yayda heyətinə qatmaqda israrlıdır.
“Srvena Zvezda” bir çox klubun transfer siyahısında yer almış Juninyonu heyətinə qatmaq üçün "qabağa düşmək" istəyir. Belə ki, Serbiya çempionunun skautları bu gün Avropa Liqasının 5-ci turunun “Qarabağ” – “Lion” görüşünü stadiondan canlı izləməyi planlaşdırır. Olavionu komandalarında görmək istəyən serblər onu daha yaxından izləmək niyyətindədirlər.
Xatırladaq ki, Juninyo ötən mövsümün əvvəlində “Çaveş”dən “Qarabağ”a keçib. 28 yaşlı futbolçu müqaviləyə əsasən 2026-cı il iyunun 30-na qədər Ağdam klubuna məxsusdur.
Qeyd edək ki, Juninyo daha əvvəl “Atletiko Paranaense”, “Portimonense”, “Novorizontino”, “Fiqeyrense”, “Eştoril”, “Vila Nova” komandalarında çıxış edib.