“Qarabağ”ın veteran forvardı Samir Musayev apasport.az saytına müsahibə verib. O, Ağdam klubunun bu gün Avrpa Liqasının 5-ci turunda “Lion”a qarşı keçiriləcək görüşündəki şanslarını dəyərləndirib.
- “Qarabağ” bu gün “Lion” önünə çıxacaq. Ağdam klubunun bugünkü matçda şanslarını necə dəyərləndirirsiniz?
- Allah qoysa, “Qarabağ” bu gün “Lion”a qalib gələcək. Çünki komandamız səfərdəki oyundan sonra motivasiya baxımından yaxşı vəziyyətdədir. Üstəlik, çempionat matçlarında da “Qarabağ” çox inamlı görünür. Azarkeş baxımından da rəqibdən çox üstün vəziyyətdəyik. Bunları əsas götürsək, “Lion”a qalib gəlmək şansımız çoxdur. Ümidvaram ki, belə də olacaq və bu gün komandamız “Lion”u məğlub edəcək.
- “Bodo-Qlimt” üzərindəki qələbədən sonra “Qarabağ”ın özünəinamı daha da artıb deyə bilərik?
- Əlbəttə. Dediyim kimi, bu oyun üçün bizim üstünlüklərimiz daha çoxdur. İnanıram ki, bu avantajlardan istifadə edəcəyik. Mən çox pozitiv düşünürəm.
- Üstəlik, “Lion”da maliyyə problemləri olduğu və buna görə də bir neçə futbolçunun transferə çıxarılacağı da gözlənilir. Bu məqam “Qarabağ”la matçda “Lion”a mənfi təsir edə bilər?
- Məncə, bunların hamısı “Lion”un daxili işidir. Məhz bu problemlərin “Lion”a nə qədər təsir edəcəyini bilmirəm. Amma etsə belə, Allah qoysa, xeyrimizə olacaq. Bilirəm ki, “Qarabağ” sırf qələbə üçün meydana çıxacaq.
- “Qarabağ”da kadr problemi olmadığı görünür. Hətta “Bodo-Qlimt”lə görüşdə qırmızı vərəqə cəzalısı olduğu üçün oynamayan Julio Romao da oynaya biləcək. Uzun müddət zədəli olan Marko Veşoviçin sıraya dönüşü də yəqin ki, “Qarabağ” üçün sevindirici haldır...
- Təbii ki, avrokuboklarda əsas oyunçuların olmaması komandanın oynuna təsir edir. Çempionatda bunlar hiss edilmir. Ancaq Marko Veşoviçin olmaması avrokuboklarda mütləq ki, hiss olunur. Bu futbolçuların qayıdışı da komandaya əlavə güc verəcək. Buna əminəm. Şadam ki, bütün futbolçular sağlamdır.
- Ağdam təmsilçisi 4 turdan sonra Avropa Liqasının turnir cədvəlində 29-cu pillədədir. Necə düşünürsən, Azərbaycan çempionu “Bodo-Qlimt”lə görüşdən sonra uğurlu çıxışına davam edə biləcək?
- İnanıram ki, qarşıdakı oyunlarda “Qarabağ” maksimum xal toplayıb daha yüksək yerlərə qalxacaq. Bunun üçün “Qarabağ”ın potensialı da var. Təbii ki, indiki mövqe “Qarabağ”a layiq deyil. Ancaq əminəm ki, komandamız yüksək pillələrə qalxacaq. “Qarabağ”ın pley-off mərhələsinə düşəcəyinə inanmayan bizdən deyil (gülür). İnanırıq və bilirik ki, “Qarabağ” Allah qoysa, pley-off mərhələsinə qalacaq.
- Bəs, avrokuboklarda format dəyişikliyi Azərbaycan çempionuna necə təsir edib?
- Məncə, formatın dəyişməsi heç bir komandaya təsir etməz. Çünki hamı üçün yeni formatdır. Təsir etsə belə, hamısına eyni edər. Komandalar həmişəki kimi, öz oyununu oynayır. Əksinə, düşünürəm ki, bu format daha maraqlıdır.
- Tarik Elyunussi: "Qarabağ" qalib gələ bilər, "Lion"un problemləri var"
- "Qarabağ" azarkeşlərini kədərləndirən xəbər : Juninyonu izləməyə gəlirlər
- “Araz-Naxçıvan”ın daha bir futbolçusu məşqlərə başlayıb
- "Neftçi" - "Qarabağ" oyununun hakim təyinatları bəlli oldu
- Abdullah Zubir: “Qarabağ”la Çempionlar Liqasında oynamaq istərdim”