Rüfət Quliyev: "Albaniya klubunun mənə borcu var" - Müsahibə
29.10.2024 - 17:13
Rüfət Quliyev: "Albaniya klubunun mənə borcu var" - Müsahibə

Azərbaycanlı mütəxəssis Rüfət Quliyev bu yay keçdiyi Albaniyanın “Biliş” klubundan ayrılıb. O, apasport.az saytına müsahibəsində  komandadan ayrılmasına açıqlama gətirib.

- "Biliş"ə gedişiniz maraqla qarşılanmışdı. Amma orada qalası olmadınız. Artıq ayrılıq rəsmən baş tutub?
- Bəli, yayda CV göndərmişdim və elə alındı ki, dəvət etdilər. Danışdıq, razılaşdıq. Müqavilə imzaladıq. Həm əsas komandada baş məşqçinin köməkçisi idim, həm əvəzedici heyətdə baş məşqçi idim. Bununla yanaşı, Albaniyanı Gənclər Liqasında təmsil edən “Biliş”in U-19 komandasına da nəzarət edirdim. İşlərim az deyildi. Yaxşı da işləyirdim. Sadəcə sonradan anamın səhhəti ilə bağlı Bakıya qayıtmalı oldum. 

- Bəs, maliyyə məsələləri?
- Elə şərtləri də dəyişdirməkləri üçün rəhbərliyə müraciət etmişdim. Amma bununla razılaşmamışdılar. Mən də elə Bakıda qaldım. 

- Ümumiyyətlə, albanlardan heç maaş almadınız?
-  Xeyr, iki ay ərzində onlardan bir qəpik də pul almamışam. Yəni vəd edilən maaş, şərtlər olmadı. Ona görə də elə şərtlərin dəyişdirilməsini rəhbərlikdən istədim. Amma heç nə olmadı.

- Yəqin ki, daha ora qayıtmayacaqsız? Artıq müqaviləyə xitam verilib? 
- Hələ o barədə düşünməmişəm. Nə xaricdən, nə də Azərbaycandan təklif var. Yalnız boş danışıqlardır. Təklif olarsa, o haqda düşünmək olar. Fikrimcə, "Biliş"lə heç bir problemimiz olmayacaq. Çünki bu iki ay ərzində mənim onlara yox, onların mənə borcu var. Düzü, “Biliş” yenidən ora qayıtmağımı istədi. Amma şərtləri dəyişmək istəmədilər. Ona görə ora qayıtmadım.

- Başqa təklifləri gözləyəcəksiz?
- Bəli. Gələcək təkliflərə baxacam. Bayaq dediyim kimi, söhbətlər var. Amma konkret heç nə yoxdur. Olduğu zaman bu haqda düşünmək alınar.

- Qısa zaman olsa da, orada çalışdığınız və Albaniya futbolunu gördünüz. Orada futbola yanaşma bizdəkindən çox fərqlidir?
- Demək olar ki, həm Azərbaycan, həm də Albaniya futbolu eynidir. Elə Premyer Liqalarda da 10 komanda çıxış edir. Bizim futbolumuzun üstünlüyü ondadır ki, aşağı liqalarda daha çox komandamız var. Albaniyada azarkeşlər millinin oyunlarında stadionları doldururlar. Elə də çox böyük fərq yoxdur.

- “Biliş”də tək azərbaycanlı siz deyildiz. Bəs, bir müddət əvvəl əsas komandaya cəlb edilmiş Amil Yunanov barədə hansı fikirdəsiz? Hər halda, yəqin maaş problemi var və onun da geri qayıdacağını düşünmək olar?
- Amilin məsələsi haqda nə deyim? Sırf mənim fikrimi soruşursuzsa, məncə, Amil də orada heç çox qalmayacaq. İstənilən halda, Allah işlərini avand etsin. Təki hər şey yaxşı alınsın.

0