“Neftçi”nin sabiq hücumçusu Ruslan Qurbanov apasport.az saytına müsahibə verib.
- Roman Qriqorçukun gəlişindən sonra "Neftçi"də işlərin yaxşı olacağı ehtimal edilirdi. Səncə, niyə alınmadı?
- Düzünü deyim, düşünürdüm ki, Roman Qriqorçukun gəlişindən sonra işlər yaxşıya doğru gedəcək. Amma təəssüf ki, onda “Neftçi”də alınmadı. Fikrimcə, Samir Abasov “Neftçi”də nəticə verəcək. Çünki onun necə məşqçi olduğunu bilirəm. Abasov yaxşı məşqçidir və asanlıqla təslim olmayacaq.
- İndiki futbolçular "Neftçi"yə uğur qazandıra bilər? Yoxsa onlarla nəticə qazanmağın çətin olduğunu düşünürsən?
- "Neftçi"də gedənləri yeni gələcək futbolçular əvəzləyəcək. Bu, hər zaman belə olub. Sadəcə "Neftçi" hələ də güclənməlidir və düşünürəm ki, komanda fərqli çıxış edəcək. "Neftçi"də baş məşqçi Samir Abasovdur. Ona görə də, fikrimcə, hər şey yaxşı alınacaq. Başqa cür olacağını düşünmürəm. Komandaya uğurlar arzulayıram.
- Emin Mahmudovdan gözləntilər həmişə yüksəkdir, amma "Neftçi"də görünmür, Ramil Şeydayev də öz çəkisini meydanda qoymağı bacarmır. Onların lazımı səviyyədə olmaması "Neftçi"nin nəticələrinə birbaşa təsir edir?
- Əminəm ki, Emin Mahmudov və Ramil Şeydayev komanda üçün daha çoxunu etmək istəyir. Amma bəzən belə də olur.. Oyun getməyəndə, belə alınır. Əminəm ki, həm Emin, həm də Ramil özünü yaxşı tərəfdən göstərəcək. Axı, biz onların hamısının potensialını bilirik. Bu mənada, Emin və Ramilin də "Neftçi" üçün ən yaxşısını etmək istədiyindən əminəm.
- Görünən odur ki, "Neftçi"nin çempionluq uğrunda mübarizə aparması çox çətindir. Bəs, necə düşünürsən, mövsümü ölkə kuboku ilə xilas edə bilərlər?
- Bəli, "Neftçi"nin çempionluq mübarizəsində yer alması çətin görünür. Çünki ilk pillədəki "Qarabağ"la xal fərqi çoxdur. Çempionatda işlər çətindir. "Neftçi" ölkə kuboku və avrokuboklara yollanmaq uğrunda mübarizədə yer alacaq. Ümidvaram ki, "Neftçi"də hər şey uğurlu alınacaq.
- Yeni sezonda Azərbaycan Premyer Liqasında legioner limitinin ləğv ediləcəyi gözlənilir. Bunun Azərbaycan futboluna təsiri necə olacaq?
- Bilirsiz, bir tərəfdən yaxşıdır, digər tərəfdən pis. Əsas odur ki, yerli oyunçulara oynamaq şansı versinlər. Məhz belə olacağı təqdirdə, futbol inkişaf edəcək. Azərbaycanda yerli futbolçular arasında başqa çempionatlarda oynaya biləcək çoxlu oyunçular var. Sadəcə olaraq, həmin azərbaycanlılar xaricə getmirlər. Səbəbini isə bilmirəm.