Şahruddin Məhəmmədəliyev: "Milli onsuz da hər zaman yüksək təzyiq altında oynayır" - Müsahibə
16.11.2024 - 13:13
Şahruddin Məhəmmədəliyev: "Milli onsuz da hər zaman yüksək təzyiq altında oynayır" - Müsahibə

Azərbaycan millisinin və "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev apasport.az saytına müsahibə verib. 

- Kollektiv məşqlərə artıq qoşulmusan? Müalicədən sonra özünü necə hiss edirsən? 
- Özümü çox yaxşı hiss edirəm. Allaha şükürlər olsun, tam qüvvəmlə məşq etməyə başlamışam. Həqiqətən, sağlam olduğum üçün çox sevinirəm. Yüksək motivasiya və əhval-ruhiyyə ilə məşqlərə davam edirəm. 

- Yəqin ki, tam hazır duruma gəldikdən sonra səni qarşıdakı turlarda meydanda da görə bilərik? 
- Mən futbolçuyam və işim məşq etmək, formada olmaqdır. Kimin oynayıb-kimin oynamayacağına isə məşqçilər qərar verir. Mən sadəcə ən yaxşı şəkildə hazırlaşmağa çalışıram. 

- "Qarabağ" Avropa Liqasındakı son oyununda Norveçdə "Bodo-Qlimt"ə qalib gəldi. Bu qələbə dönüş nöqtəsi ola bilər və ya qələbənin ardı gəlməsi mümkündür? 
- Bəli, Norveçdə çox vacib və olduqca da ağır  qələbə qazandıq. Çünki rəqibimiz çox güclü komanda idi. Hər halda, " Bodo-Qlimit"in necə komanda olduğunu hamı yaxşı bilir. Amma Allaha şükürlər olsun, biz o cür səfərdən qalibiyyətlə döndük. Bu çox vacib idi. 

- Növbəti turda isə rəqib "Lion"la qarşılaşacaqsınız. Fransa klubu ilə görüşdə qələbə qazanmaq mümkündür? 
- Bilirsiz, adətən " Qarabağ" bütün oyunlara elə qələbə üçün çıxır. Bütün matçlarda qələbə haqda düşünürük. Hər halda, biz tanınmış və Fransanın böyük klublarından olan "Lion"a qarşı oynayacağıq. Əlbəttə ki, bu görüşdə əlimizdən gələni edəcəyik. 

- Yeri gəlmişkən, bu gün Azərbaycan millisi Estoniya ilə qarşılaşacaq. Qalib gəlməsək, böyük ehtimalla millimiz D divizionuna düşəcək. Yəqin ki, bu böyük uğursuzluq olacaq... 
- Milli onsuzda hər zaman yüksək təzyiq altında oynayır. Bütün oyunlarda bizim uşaqlar sona qədər mübarizə apardılar, çalışdılar. Amma təəssüf ki, heç nə alınmadı. Allah qoysa, millimizə sona qədər azarkeşlik edəcəyik. Millimizə uğurlar arzulayıram. Ümidvaram ki, hər şey yaxşı alınar.

0