İngiltərə klubundan Avropa Oyunları rəhbərliyinə təyinat
28.04.2014 - 16:31
İngiltərə klubundan Avropa Oyunları rəhbərliyinə təyinat

Bakı2015 Avropa Oynları Əməliyyat Komitəsinin (BEGOC) baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. Apasport.az saytının məlumatına görə, bu, Böyük Britaniya Olimpiya Assosiasiyasının və “İpsviç Taun” futbol klubunun keçmiş baş icraçı Direktoru Saymon Kleqdir. 

 

Kleq yeni vəzifədə Cim Şerri əvəzləyib. Şerr başqa işə keçməsi ilə əlaqədar tutduğu vəzifədən istefa verib. Yeni icraçı direktor Bakıya bu həftə gələcək. O, özünün “Zeus İnternational Mangement” idarəetmə şirkəti vasitəsi ilə hazırda yerinə yetirdiyi bütün digər konsultasiya müqavilələrini ləğv edəcək. Kleqin əvvəlki iş təcrübəsinə 12 Yay Olimpiya və Qış Olimpiya Oyunlarında Böyük Britaniyanın Atletlər Komandasına rəhbərlik, Bat şəhərində Avropa Gənclərin Olimpiya Festivalında baş icraçı direktor və Afina 2004 Operativ İşçi Qrupunda Beynəlxalq Olimpiya Komitəsi tərəfindən təyin edilmiş ekspert vəzifəsi daxildir. Eyni zamanda, Kleq tender üzrə direktor olmazdan öncə 2012-ci il Yay Olimpiya Oyunları ilə bağlı tenderdə iştirak etmək üçün Britaniya Hökumətini və London merini inandırmaqdan ötrü siyasi və PR kampaniyalara rəhbərlik edib və sonra direktor kimi Olimpiya Oyunlarının London Təşkilat Komitəsinin idarə heyətinə qoşulub.

  

Bu təyinatla bağlı rəyini bildirən gənclər və idman naziri Azad Rəhimov Kleqin yeni vəzifəni tutmağa razılıq verməsindən məmnunluq ifadə edib: “Onun təşkilata rəhbərlik etmək üçün lazımi qabiliyyəti və təcrübəsi var  Biz planlaşdırma mərhələsindən əməliyyatların icrası rejiminə keçirik və açılış mərasiminə qədər yalnız 14 ay qalır. Son 9 ay ərzində Avropa Olimpiya Komitəsini təmsil edərkən, onunla sıx əməkdaşlıq şəraitində işləməkdən məmnunluq duymuşuq və əminəm ki, Avropada ən yaxşı atletlər üçün gözəl bir yarış keçirəcəyik.”  

 

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki isə deyib: “Kleq bizim icraçı direktorumuz olduğu son doqquz ay ərzində ilk Avropa Oyunlarının uğurlu icrasına böyük kömək göstərib. Təşkilat Komitəsinin funksiyalarını dərindən bilməsi, başa düşməsi ilə birləşən rəhbərlik və idarəetmə təcrübəsi onun Avropa Oyunlarında bu təzə yüksək vəzifə üçün açıq-aşkar seçilməsinə səbəb olub. Öz qitəmizdən say-seçmə atletlər üçün cəlbedici və innovativ yarışların keçirilə bilməsini təmin etmək məqsədilə biz Saymon ilə birgə işi davam etdirəcəyimizə ümidvarıq. Bakı2015-in real irsi Avropa Oyunlarının gələcək variantları üçün davamlı bir model olacaq”.

 

Kleq isə bildirib ki, nazirdən aldığı dəvətə görə sevincinin həddi-hüdudu yoxdur: “BEGOC-da çox gözəl kollektiv var və son 9 ay ərzində mən onların çoxu ilə birgə işləmişəm. Bilirəm ki, biz birlikdə Azərbaycan xalqının, Avropa Olimpiya ailəsinin və ən əsası da Avropa atletlərinin qurur duya biləcəyi bir yarışı həyata keçirə biləcəyik. Hər hansı ilk yarış fərqli bir şey yaratmaq üçün gözəl imkan yaradır və bizim arzumuz Bakı şəhərində yer kürəsinin ətrafında kontinental idman yarışlarının ön hissəsində Avropa Oyunlarını yaratmaqdır”.