"Shamkir Chess 2014" turnirinin 8-ci turunda Sergey Karyakinlə heç-heçə oynayan dünya çempionu Maqnus Karlsen mətbuat konfransında jurnalistlərin suallarına cavab verib. Apasport.az saytının məlumatına görə, Karlsen bu gün qələbəyə oynadığını bildirib: “Sadəcə rəqib risk etmədi. Ona görə vəziyyəti qəlizləşdirmək istəmədim. Hər şey qaydasındadır. Karyakin stabil çıxış edən güclü şahmatçılardan biridir. Heç-heçə normal nəticədir. Heç bir problem yoxdur. Son 2 turda qələbə qazansam 1-ci yeri tutmaq imkanım olacaq. Əvvəlki iki məğlubiyyəti nəzərə alsaq, indi hər şey qaydasındadır. Son turlarda uduzacağımı düşünmürəm. Qalib gəlmək istəyirəm. Bilirəm ki, son turlarda oynayacağım Rəcəbov və Karuananın mənlə bağlı xüsusi planları olacaq. Hər iki görüşdə yalnız qələbə haqda düşünəcəm".
Dünya çempionu yüksək səviyyədə keçirilən turnirlə bağlı fikirlərini də bildirib: "Synergy Group-a təşəkkür edirəm. Ümid edirəm, gələn il "Shamkir Chess 2015" keçiriləcək. İmkan olsa, həmin yarışda böyük məmnuniyyətlə iştirak edərəm".
Sergey Karyakin turnirdə 8-ci dəfə heç-heçə oynamasını yorğunluqla izah edib: "Ardıcıl 3-cü yarışımdır. Bir qədər yorğunluq var. Bilmirəm, mənə heç-heçələr şahı demək olar? Niyyətim heç-heçə etmək deyildi. Sadəcə belə alındı. Karlsenlə xalı yarı bölmək pis deyil. Amma mən qələbə qazanmaq istəyirəm. Yəqin, gələcəkdə heç-heçələrdən qələbəyə keçərəm".
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib