Soçidə “Bakı-2015”lə bağlı mətbuat konfransı keçirildi
09.02.2014 - 01:53
Soçidə “Bakı-2015”lə bağlı mətbuat konfransı keçirildi

Soçidə “Bakı-2015” I Avropa Oyunları ilə bağlı mətbuat konfransı keçirilib. Apasport.az saytının xəbərinə görə,  tədbirdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki və AOK-un icraedici komitəsinin üzvü Spiros Kapralos iştirak edib.

 

Hikki mətbuat konfransını açaraq, Bakıda I Avropa Oyunlarına hazırlıq işlərinin yüksək səviyyədə görüldüyünü diqqətə çatdırıb. Azərbaycan prezidenti İlham Əliyev ilə görüşündən danışan Hikki I Avropa Oyunlarına hazırlıq işlərinin dövlətimizin başçısının nəzarəti altında aparıldığını vurğulayıb. O, I Avropa Oyunlarının yüksək səviyyədə keçiriləcəyinə əminliyini bildirib.

 

I Avropa Oyunlarına hazırlıq işlərinin sürətlə aparıldığını vurğulayan Rəhimov isə dörd idman qurğusunun inşa edildiyini diqqətə çatdırıb. O bildirib ki, hazırda Bakıda Olimpiya stadionunun, Su İdman Sarayının tikintisi davam edir. Gimnastika Mərkəzi isə bu yaxınlarda istifadəyə veriləcək.
 

Nazir nəqliyyat, idmançıların yerləşdirilməsi, iştirakçı ölkələrin nümayəndə heyətlərinin təhlükəsizliyinin təmin edilməsi, yarışların təşkili və digər məsələlərlə bağlı genişmiqyaslı işlərin görüldüyünü bildirib.

Mənbə: AzərTac